Bu gün Bakıda Azərbaycan çempionu “Qarabağ”la Türkiyənin “Qalatasaray” komandası arasında xeyriyyə məqsədli yoldaşlıq oyunu keçirilib. Arena.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda baş tutan qarşılaşmaya saat 20:00-da start verilib.
“Qardaşlıq matçı” adlandırılan bu oyuna maraq kifayət qədər böyük idi. Belə ki, matç üçün satışa çıxarılan 62 min biletin demək olar, hamısı satılmışdı. Görüşdən əldə olunan bütün gəlirlər Türkiyədə baş vermiş dəhşətli zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.
Oyunu FIFA referisi Əliyar Ağayevin başçılıq etdiyi hakimlər briqadası idarə edib. Ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək ediblər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirib.
Qarşılaşmaya gəlincə, hesabı 4-cü dəqiqədə Bafetimbi Qomis açıb. Amma Ağdam təmsilçisi erkən qolun əvəzini vaxtında çıxa bilib. Redon Cica tarazlığı bərpa edib. İstanbul təmsilçisi matçın sonlarında penalti qazanıb. Türkiyə nəhənginin ulduz futbolçusu Mauro İkardi özü qazandığı penaltini dəqiq yerinə yetirməklə matçın yekun nəticəsini müəyyənləşdirib.
Yoldaşlıq oyunu
26 mart
“Qarabağ” – “Qalatasaray” 1:2
Qollar: Redon Cica, 19 – Bafetimbi Qomis, 4. Mauro İkardi, 87-pen.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Tural Qurbanov.
Bakı Olimpiya Stadionu.
Qarabağ: 89. Amin Ramazanov, 5. Maksim Medvedev, 4. Rahil Məmmədov, 81. Kevin Medina, 96. Donald Gerye, 6. Julio Romao, 2. Qara Qarayev, 15. Leandro Andrade, 87. Adama Diakabi, 10. Abdullah Zubir, 99. Redon Cica.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 41. Anar Nəzirov, 94. Ayhan Arazlı, 21. Rauf Hüseynli, 83. Nihad Quliyev, 22. İsmayıl İbrahimli, 83. Nəriman Axundzadə, 17. Hamidu Keyta.
Baş məşqçi: Qurban Qurbanov.
Qalatasaray: 34. Okan Koçuk, 2. Leo Dyubua, 4. Matias Ross, 13. Emre Taşdemir, 23. Kaan Ayhan, 11. Yunus Akgün, 17. Nikolo Zaniolo, 18. Bafetimbi Qomis, 22. Berkan Kutlu, 27 Serjio Oliveyra, 30. Yusuf Demir.
Ehtiyat oyunçular: 12. Atakan Ordu, 42. Abdulkerim Bardakçı, 55. Arda Deniz Yavaş, 58. Ali Yeşilyurt, 77. Berkan Aksoy, 5. Lukas Torreyra, 6. Fredrik Midtsyo, 22. Berkan Kutlu, 59. Caner Doğan, 64. Xuan Mata, 44. Beknaz Almazbekov, 56. Baran Demiroğlu, 99. Mauro İkardi.
Baş məşqçi: Okan Buruk.


