“Qarabağ” UEFA-ya böyük məbləğdə cərimə ödəyəcək

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” UEFA tərəfindən 45 750 avro (təxminən 84 532 manat) cərimə olunub.

Arena.az xəbər verir ki, qitənin ən ali futbol qurumu Ağdam klubunu Bakıda Portuqaliyanın “Braqa” və Almaniyanın “Bayer” komandalarına qarşı Avropa Liqasının ev oyunlarına görə cəzalandırıb.

Belə ki, Azərbaycan çempionu “Braqa”ya qarşı pley-off mərhələsinin cavab matçında (2:3, əlavə vaxtda) lazer şüalarından istifadəyə görə 8000 avro cərimə edilib. Təhqir xarakterli təxribatçı mesaj ucbatından 22500 cərimə kəsilib. Klub ictimaiyyətə müraciət sistemindən düzgün istifadə edilməməsi səbəbindən 5000, komandanın düzgün olmayan davranışına görə də 7500 avro cərimə ödəyəcək.

Leverkuzen təmsilçisi ilə 1/8 final mərhələsinin Bakıdakı ilk qarşılaşmasında (2:2) isə azarkeşlər pirotexniki vasitələrdən istifadə ediblər. Azərbaycan təmsilçisi bu səbəbdən 2750 avro ziyana düşüb.

Yeri gəlmişkən, UEFA “Qarabağ”ın sol cinah müdafiəçisi Elvin Cəfərquliyevi də iki oyunluq cəzalandırıb. Buna 23 yaşlı futbolçunun Bakıda “Braqa”ya qarşı keçirdikləri Avropa Liqasının pley-off mərhələsinin cavab matçında (2:3, əlavə vaxtda) hakimi təhqir etməsi səbəb olub.

Oyunçu Bakıda Almaniyanın “Bayer” klubuna qarşı 1/8 final mərhələsinin ilk görüşünü (2:2) buraxsa da, cavab qarşılaşmasında (2:3) meydana çıxmışdı. Bu o deməkdir ki, Cəfərquliyev daha bir avrokubok matçında çıxış edə bilməyəcək.

Xatırladaq ki, Azərbaycan millisinin üzvü Leverkuzendəki matçda da qırmızı vərəqə almışdı. Başqa sözlə, o, avrokuboklarda ən azı iki oyunu buraxacaq. Diskvalifikasiyanın dəqiq neçə qarşılaşmaya sirayət edəcəyi UEFA İntizam Komitəsinin növbəti iclasından sonra müəyyənləşəcək.

“Qarabağ” Avropa Liqasının 1/8 finalında “Bayer”ə uduzaraq mübarizəni dayandırıb. Təmsilçimiz həm evdə 2:2 hesablı heç-heçəyə razılaşdığı bu rəqibinə səfərdə 2:3 hesabıyla uduzaraq avrokubok mövsümünə yekun vurub.