UEFA Çempionlar Liqasının Liqa mərhələsində üz-üzə gələcək “Qarabağ” və “Kopenhagen” klublarının rəhbərləri arasında görüş keçirilib.
Arena.az bu barədə Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
Görüşdə Azərbaycan çempionunu klubun prezident Tahir Gözəl, vitse-prezident Fevzihan Aras, İdarə Heyətinin üzvləri Emrah Çelikel və Asif Əsgərov, həmçinin Əməliyyatlar üzrə departament rəhbəri Fərid Ağayev təmsil ediblər.
“Kopenhagen”in prezidenti Lars Seyer, stadion və obyektlər üzrə direktor Brian Mansson, klub əlaqələri üzrə rəhbər Daniell Askholm və UEFA üzrə əsas əlaqələndirici şəxs Daniel Mofid, görüşün UEFA nümayəndəsi serbiyalı Yovan Surbatoviç də tədbirə qatılıblar.
Görüşdə təşkilati məsələlər, qarşılıqlı əməkdaşlıq imkanları və iki klub arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi müzakirə olunub. Tərəflər görüşdən məmnunluqlarını ifadə edərək, hər iki komandaya turnirdə uğurlar arzulayıblar.
Sonda oyunla bağlı xatirə hədiyyələri də qarşılıqlı olaraq təqdim olunub.
Xatırladaq ki, “Qarabağ” – “Kopenhagen” matçı bu gün Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Oyuna saat 20:45-də start veriləcək.


