“Qarabağ”da Yassin Benzya və Redon Cica şoku

Bu gün Premyer Liqanın 20-ci turu çərçivəsində “Kəpəz”ə qalib gələn “Qarabağ”da iki futbolçu – Yassin Benzya və Redon Cica zədələniblər.

Arena.az xəbər verir ki, Cica ikinci hissənin ortalarında sıradan çıxıb.

Albaniyadan olan 25 yaşlı hücumçu əzələsini dartıb. Bu üzdən də onu 63-cü dəqiqədə Olavio Juninyo əvəzləyib.

Qarşılaşmanın sonlarında isə Benzya ağır zədə alıb. 29 yaşlı yarımmüdafiəçi komandasının vurduğu qol zamanı, 79-cu dəqiqədə rəqib qapıçı İqor Rodriqeslə toqquşub. Başından xəsarət alan əlcəzairli futbolçuya dərhal həkimlər yardım göstəriblər. Amma görüşə davam edə bilməyən oyunçu birbaşa paltardəyişmə otağına yollanıb. Bu üzdən “Qarabağ” matçın son 10 dəqiqəsini, hətta əlavə olunmuş 6 dəqiqəni azlıqda oynayıb. Buna Ağdam klubunun əvəzetmə limitini doldurması səbəb olub. Buna baxmayaraq, əlavə vaxtda daha bir qol vuran “Qarabağ” meydanı 2:1 hesablı əzmkar qələbə ilə tərk edib.

Xatırladaq ki, Redon Cica 2023-cü ilin yanvar ayından “Qarabağ”ın uğurları üçün çalışır. 25 yaşlı alban futbolçu Ağdam klubunun heyətində 40 oyuna çıxıb, 7 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub. Onun “Qarabağ”la 2026-cı ilin 30 iyununa kimi müqaviləsi var.

Yassin Benzya da 2023-cü ilin yanvar ayından “Qarabağ”da forma geyinir. Hücumameyilli yarımmüdafiəçi indiyə qədər Ağdam klubunun heyətində 35 oyuna çıxıb, 9 qol vurub, 8 məhsuldar ötürmə müəllifi olub. Yassinin Azərbaycan çempionu ilə 2025-ci ilin 30 iyununa kimi müqaviləsi var.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: