Qaret Sautqeyt Eddi Hau ilə əvəzlənəcək – İngiltərə millisində

Futbol üzrə İngiltərə yığmasının baş məşqçisi Qaret Sautqeyt 2024-cü ildə keçiriləcək Avropa çempionatından sonra vəzifəsini tərk edə bilər.

Arena.az bu barədə jurnalist Qrem Beylinin əldə etdiyi məlumata istinadən xəbər verir.

Mənbənin məlumatına görə, İngiltərə Futbol Assosiasiyası (The FA) Sautqeytin öz müqaviləsini yeniləmək öhdəliyinə şübhə edir. Sautqeyt vəzifəsini tərk etmək qərarına gələrsə, bu vəziyyətə hazır olmaq üçün İngiltərə Futbol Assosiasiyası artıq mütləq əvəzləyici axtarışına başlayıb. İngilislər üçün ən üstün variant “Nyukasl”ın hazırkı baş məşqçisi Eddi Haudur. Məlumatda məhz Haunun 2024-cü il Avropa çempionatından sonra İngiltərə yığmasını çalışdıracağı vurğulanır.

Xatırladaq ki, Sautqeytin çalışdırdığı İngiltərə yığması AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Londonda İtaliya yığması üzərində 3:1 hesablı qələbə qazanaraq, turnirin final mərhələsinə vəsiqəsini təmin edib.

Qaret Sautqeyt İngiltərə yığmasını 2016-cı ilədən çalışdırır. Bu müddətdə ingilis mütəxəssis yığma komandaya 2019 UEFA Millətlər Liqasında bürünc, AÇ-2020-də gümüş medal qazandırıb. DÇ-2022-də isə Sautqeytin İngiltərə yığması turnirin çərək final mərhələsində gələcək finalçı Fransa yığmasına 1:2 hesabı ilə məğlub olub.