Qaret Sautqeyt Raşfordla Hendersonu milliyə niyə çağırmayıb?

Baş məşqçisi Qaret Sautqeyt AÇ-2024-də iştirak üçün İngiltərə yığmasına cəlb etdiyi heyətə dair mülahizələrini açıqlayıb.

Arena.az məlumat verir ki, ingilis mütəxəssis yığma komandaya cəlb etdiyi və cəlb etmədiyi oyunçularla bağlı verdiyi qərarları əsaslandırıb.

Sautqeyt “Mançester Yunayted”in sol vingeri Markus Raşfordu hansı səbəbə AÇ-2024-ə aparmadığını qısaca və qətiyyətlə bildirib:

“Bu mövqedəki digər oyunçular Markusdan daha yaxşı bir mövsüm keçirdilər”.

İngilis mütəxəssis həmçinin “Ayaks”ın mərkəz yarımmüdafiəçisi Cordan Hendersonun AÇ-2024-dən kənarda qalmasına aydınlıq gətirib:

“Hendersonu komandadan kənarlaşdırmaq mənim üçün çətindir, o, həmişə məni dəstəkləyib. Onun son toplanışda aldığı zədə həlledici amil oldu. O, beş həftəni buraxdı və gərəkli formanı yığa bilmədi”.

Sautqeyt “Tottenhem”in “Bayern”də icarə əsasında çıxış edən mərkəz müdafiəçisi Erik Dayerin də qapı arxasında qalmasını əsaslandırıb:

“O, “Bayern” üçün çox yaxşı oynayır və bilirəm ki, onlar ondan çox razıdırlar. Biz onun seçdiyimiz digər uşaqlardan azacıq geri qaldığını düşünürük. Hər oyuna baxırıq. Aydındır ki, o, Çempionlar Liqasında bəzi böyük oyunlarda yaxşı oynadı, ona görə də biz bunu nəzərə aldıq. Amma biz onu hər cəhətdən qiymətləndirdik”.

Həmçinin Sautqeyt “Mançester Yunayted”in zədə səbəbilə cari mövsümdə 186 gün futbolsuz qalmış, cəmi 15 oyun keçirmiş sol cinah müdafiəçisi Lyuk Şounun AÇ-2024-ə yollanacaq heyətdə yer almasını əsaslandırıb:

“Onun üçün asan olmadı. O, futbolu çox qaçırdı. Onun bu vəzifədə ilk seçimimiz olması o deməkdir ki, biz ona verə biləcəyimizdən azacıq daha çox vaxt vermiş ola bilərik. Deyərdim ki, onun imkanı azdır”.

Vurğulayaq ki, Qaret Sautqeyt yığmaya cəlb etdiyi 33 futbolçudan ibarət ilkin heyəti hələ ələyəcək və yekunda AÇ-2024-ə yollanaq 26 futbolçunu müəyyənləşdirəcək.

Xatırladaq ki, iyunun 14-də Almaniyada başlayacaq AÇ-2024-ə iyulun 15-də yekun vurulacaq.

İngiltərə yığması Avropa çempionatının “C” qrupunda Sloveniya, Danimarka və Serbiya yığma komandaları ilə üz-üzə gələcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: