Qarri Rodriqes yenidən Türkiyə Super Liqasında

Türkiyənin “Ankaragücü” komandasının vingeri Qarri Rodriqes bundan sonra “Sivasspor”un uğurları üçün çalışacaq.

Arena.az bu barədə Super Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.

33 yaşlı futbolçu Ankara klubundan azad agent kimi ayrılıb. O, yeni klubu ilə 1 illik (2025-ci ilin 30 iyununa qədər) sözləşməyə imza atıb.

Qarri Rodriqes Niderlandda dünyaya göz açıb və Rotterdam “Sparta”sının yetirməsidir. Yeniyetməlik dövründə “Feyenoord”un müvafiq yaş kateqoriyalarından olan komandalarında çıxış etmiş futbolçu karyerası ərzində “Den Haaq”, “Dordrext”, “Levski” (Sofiya), “Elçe”, PAOK, “Qalatasaray”, “Əl-İttihad”, “Fənərbaxça” və “Olimpiakos” kimi klublarda da forma geyinib. 2023-cü ilin yayından “Ankaragücü” klubunun formasını tərlədən vinger 26 oyunda 3 qol, 5 məhsuldar ötürmə müəllifi olub.

Rodriqes 2013-cü ilin avqustunda debüt etdiyi Kabo Verde yığmasında 53 oyuna çıxıb, 8 qol və 5 assistlə yadda qalıb.

“Sivasspor” digər vingeri Klinton N’ji ilə də yollarını ayırıb. 31 yaşlı kamerunlu futbolçu azad agent kimi Rumıniyanın “Rapid” klubuna keçib. O, yeni klubu ilə 2 illik müqavilə bağlayıb.

Klinton N’ji karyerası ərzində “Olimpik” (Lion), “Tottenhem”, “Olimpik” (Marsel), “Dinamo” (Moskva) kimi klubların formasını geyinib. 2022-ci ilin iyul ayından “Sivasspor”da çıxış edən futbolçu Super Liqa təmsilçisinin heyətində 72 oyuna 5 qol və 5 asistlə yadda qalıb.

Klinton N’ji 2014-cü ilin sentyabr ayında Kamerun yığmasında debüt edib. O, millidə 42 oyuna 10 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: