Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti sınağına çıxıb.
Arena.az xəbər verir ki, 58 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Azərbaycan millisinin bu idman növündəki yeganə təmsilçisidir.
Qaşım bu gün Olimpiadalarda debütünü gerçəkləşdirib. Maqomedov ilk döyüşünü 1/8 finalda keçirib. Cek Uolleylə (İrlandiya) qarşılaşan taekvondoçumuz rəqibini 2:0 hesabı ilə məğlub edib və mərhələ adlayıb. Təmsilçimiz ilk hissədə 7:4, ikinci yarıda 12:7 hesabı ilə üstün olub.
Maqomedov ikinci döyüşündə ispaniyalı Adrian Visente ilə üz-üzə gəlib. Taekvondoçumuz yenə də dayanqdan qalib ayrılıb. O, bu rəqibini də 2:0 hesabı ilə məğlub edərək yarımfinalda iştirak hüququ qazanıb. Təmsilçimiz ilk hissədə 11:5, ikinci yarıda 13:11 hesabı ilə üstün olub.
Qaşımın yarımfinaldakı rəqibi isə italiyalı Vito Dellakvila olub. Yenə hər iki hissədə rəqibindən üstün olan Maqomedov yekunda qələbə qazanıb – 2:0 (9:4, 11:1).
Bu nəticədən sonra taekvondoçumuz ən azı gümüş medalı özü üçün təmin edib. Olimpiadalar tarixində ikinci dəfə Azərbaycan idmançısı bu idman növündə finala vəsiqə qazanıb. Buna nail olan ilk idmançımız Radik İsayev olub. O, Rio-2016-da +80 kq çəkidə qızıl medal qazanıb.
Artıq mükafatı təmin edən Qaşım taekvondo yığmamızın 4-cü medalını hesabına yazacaq. Radikin qızılından başqa idmançılarımız iki bürünc də əldə ediblər. Milad Beiqi Harçeqani 80 kq, Patimat Abakarova 49 kq çəkidə fərqlənib. Qaşıma qədər bütün medallar Rio-2016-da əldə olunub.
Qaşımın finaldakı rəqibi Cənubi Koreya təmsilçisi Park Tae Jun olacaq. Bu görüşə Bakı vaxtı ilə saat 23:37-də start veriləcək.
Qeyd edək ki, Qaşım Maqomedov Avropa çempionatlarının qızıl və bürünc mükafatçısıdır.
Azərbaycan Fransadakı Yay Olimpiya Oyunlarına bütövlükdə 48 idmançı ilə qatılıb. Hələlik iki cüdoçumuz – Hidayət Heydərov və Zelim Kotsoyev Olimpiya çempionu olub. Boksçu Alfonso Dominqes də özü üçün ən azı gümüş medalı təmin edib. Amma onun medalının əyarı final görüşündəki nəticəsindən asılı olacaq.
Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.