Qaspar Panadero “Qarabağ”la vidalaşdı

Azərbaycan çempionu “Qarabağ”ın ispaniyalı yarımmüdafiəçisi Qaspar Panadero Ağdam klubu ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, 26 yaşlı futbolçu bununla bağlı sosial şəbəkə səhifəsində paylaşım edib.

O, klub rəhbərliyinə və azarkeşlərə təşəkkürünü bildirib: “Hörmətli komanda yoldaşlarım, məşqçilər heyəti, rəhbərlik və hər şeydən əvvəl inanılmaz “Qarabağ” azarkeşləri, vida vaxtı gəldi. İlk növbədə layihədə mənə etibar etdiyi üçün kluba təşəkkürümü bildirirəm. Formanızı geyinmək şərəfdir. Kluba və komanda yoldaşlarıma təşəkkür edirəm. Azarkeşlərə isə dərin minnətdarlığımı bildirirəm”.

Ağdam klubu ilə müqaviləsinə xitam verilən hücumameyilli oyunçu az şans qazandığını deyib: “Müxtəlif şərtlərlə əlaqədar performans baxımından mənim üçün ən yaxşı dövr deyildi, çətin dönəmlər idi. Ən yaxşı oyunumu göstərmək istərdim, lakin bura uyğunlaşmaqda çətinlik çəkdim. Buna baxmayaraq, çalışqanlığım maksimum həddə idi. Daha çox şans əldə etməyə çalışdım, amma futbol bəzən belə işləyir. Həqiqətən də səviyyəmi nümayiş etdirmək istərdim. Gələcəkdə sizə ən yaxşısını arzulayıram. Hər şey üçün təşəkkür edirəm”.

“Qarabağ”a 2021-ci ilin yayında İspaniyanın “Kadis” klubundan gəlmiş Qaspar Panadero Ağdam klubunun heyətində çox forma şansı qazanmayıb. Hətta o, əsas komandasında möhkəmlənə bilmədiyi üçün əvəzedici heyətə göndərilmişdi. Azərbaycan çempionu Panaderonu 2022-ci ilin yanvarından iyul ayına qədər Kiprin AEK (Larnaka) klubuna icarəyə də vermişdi. Qaspar Ağdam klubunun heyətində cəmi 4 oyuna çıxıb.

Panadero karyerası ərzində “Almeriya”, “Ponferradiona” və “Əl-Vahda” kimi klublarda da forma geyinib.

Xəbəri sosial şəbəkələrdə paylaş: