“Barselona”nın ağır zədə almış gənc ispan mərkəz yarımmüdafiəçisi Qavi uzun müddətə yığma komandaya çağırılmayacaq.
Arena.az bu barədə AS dərgisinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, İspaniya Kral Futbol Federasiyası (RFEF) 2024-cü il Avropa çempionatının seçmə mərhələsinin Gürcüstanla oyununda (3:1) sağ dizin ön çarpaz bağının tam qopması və yan menisk zədəsi almış futbolçunu riskə atmaq istəmir. Gənc futbolçu tezliklə əməliyyat ediləcək.
Beləliklə, gənc futbolçu üçün mövsümün bitməsi ilə yanaşı, 2024-cü il Avropa çempionatının və 2024-cü il Olimpiya Oyunlarının final turnirlərində iştirak da mümkünsüz olacaq.
2026-cı ildə ABŞ, Meksika və Kanadada keçiriləcək dünya çempionatına Avropa vəsiqələri 2025-ci ilin martından 2026-cı ilin martına qədər oynanılacaq. Qavi bu müddətə müalicəsini bitirib futbola qayıda bilsə, yığmanın düşərgəsində ola biləcək.
İlkin təxminlərə görə, yarımmüdafiəçi 6-8 ay yaşıl meydanlardan kənarda qalmalı olacaq.
Qavi “Barselona”nın yetirməsidir və klubla müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir. O, Kataloniya təmsilçisinin əsas komandasında 2021-ci ilin 29 avqust tarixində İspaniya La Liqasının “Xetafe”yə qarşı oyununda debüt edib.
Geridə qalmış 2022/2023 mövsümündə Qavi “Barselona”nın heyətində 49 oyuna çıxıb, 3 qol vurub, 7 məhsuldar ötürmə verib. Yarımmüdafiəçi ötən mövsüm İspaniya La Liqasını və İspaniya Super Kubokunu qazanıb. Cari mövsümdə isə o, “Barselona”nın heyətində 15 oyuna çıxıb, 2 qol vurub, 1 məhsuldar ötürmə verib. Gənc futbolçunun “Barselona”nın heyətində ümumi statistikası belədir: 111 oyun, 7 qol, 14 məhsuldar ötürmə.
Qavi 2021-ci ilin oktyabr ayında debüt etdiyi İspaniya yığmasında 27 oyun keçirib, 5 qol vurub və 2023 UEFA Millətlər Liqasını qazanıb.
“Transfermarkt” internet-portalı 19 yaşlı Qavini 90 milyon avro məbləğində qiymətləndirir.


