Futbol üzrə Azərbaycan milli komandasının da üzvü olan müdafiəçi Qismət Alıyev “Zirə”də 100-cü oyununu keçirib.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
Kapitanın yubileyi Azərbaycan Premyer Liqasının 4-cü turu çərçivəsində baş tutan “Sabah”la ev qarşılaşmasına təsadüf edib. Sözügedən görüşdə “Zirə” “Sabah”a 1:0 hesabı ilə qalib gəlib. Qismətin komandası bu mövsüm keçirdiyi dörd oyunun hamısından qalib ayrıldığı üçün hazırda 12 xalla vahid liderdir.
Xatırladaq ki, Qismət Alıyev 2020-ci ilin oktyabr ayından Bakı təmsilçisində oynayır. 26 yaşlı sağ cinah müdafiəçisi bu komandanın heyətində meydana çıxdığı 100 oyunda 5 qola imza atıb, 2 məhsuldar ötürmə müəllifi olub.
Qeyd edək ki, Qismət daha öncə yalnız yetirməsi olduğu “Qəbələ”nin uğurları üçün çalışıb – 82 oyun, 1 qol, 5 assist. O, Azərbaycan milli komandasında da 3 matça çıxıb.


