Azərbaycan ağırlıqqaldıranları Kubanın paytaxtı Havanada Beynəlxalq Ağır Atletika Federasiyasının qran-pri yarışında iştirak ediblər.
Arena.az xəbər verir ki, Paris-2024 Olimpiya Oyunlarına lisenziya xarakterli turnirə 72 ölkədən 272 atlet qatılıb.
Yarışda Azərbaycan yığmasının da üç üzvü körpücük üzərinə çıxıb.
Onlardan ilk olaraq Ömər Cavadov mübarizəyə qoşulub. O, 73 kq çəki dərəcəsində qüvvəsini sınayıb. Atletimiz toplam 311 (144+167) kq nəticə göstərib və 6-cı pillədə qərarlaşıb.
Son olaraq Əli Şükürlü və Dadaş Dadaşbəyli 102 kq çəki dərəcəsinin B qrupunda yarışıblar. Əli Şükürlü zədə səbəbindən yarışı nəticəsiz başa vurmağa məcbur olub. Dadaşbəyli isə toplam 320 kq (145+175) nəticə göstərib və ümumi sıralamada 9-cu pillədə qərarlaşıb.


