“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının 1/8 final mərhələsində “Bayer”ə qarşı keçirdikləri cavab matçını şərh edib.
Arena.az xəbər verir ki, Azərbaycan və Almaniya komandaları arasında Bakıda keçirilmiş ilk oyunda 2:2 hesablı heç-heçə qeydə alınmışdı.
Leverkuzendə baş tutan cavab matçında isə almanlar 3:2 hesablı qələbəyə seviniblər. Qurban Qurbanov matçdan sonra təşkil olunmuş mətbuat konfransında mübarizəni dayandırmalarına belə şərh verib:
“Futbolçularıma təşəkkür edirəm. Məğlub olsaq da, çox ağır oyunda sonadək mübarizə apardılar. Bizim gözəl azərbaycanlı azarkeşlərimizə təşəkkür edirəm. 3 min azarkeş bu gün bizimlə oldu. Komandaya böyük güc və arxa oldular. Xabi Alonsonu təbrik edirəm ki, növbəti mərhələyə keçdilər. Həm rəqibə, həm də özümüzə uğurlar arzulayıram”.
Qurbanov Avropa Liqasında iştirakın böyük təcrübə olduğunu qeyd edib: “Bu turnirdə keçirdiyimiz matçlar bizim üçün böyük təcrübə oldu. Avropa futbolunun hansı səviyyədə olduğunu gördük. Belə rəqiblərə qarşı fiziki cəhətdən hazırlıqlı olmalıyıq. Belə oyunlarda bir səhv, qırmızı vərəqə nəticəyə təsir edir. Futbolçular rəqibdən çəkinmədilər, istəkli oldular. Bu da mənim üçün vacib idi”.
“Bayer”in baş məşqçisi Xabi Alonso isə komandasının çətin qələbəsi barədə bunları dilə gətirib:
“Qarabağ”la matçda geridönüş etmək asan olmadı. Buna baxmayaraq, futbolçular yaxşı çıxış etdilər. Bərabərlik qolundan sonra komandamın daha çox istəkli olduğunu gördüm. Patrik Şikin sonuncu qolu əla idi. Komanda ruhu çox vacibdir. Sonadək mübarizə aparmaq niyyətindəyik. Komandada çoxlu inam və aclıq var”.


