“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsində “Kopenhagen”ə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, Azərbaycan və Danimarka çempionları bu gün Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gəliblər.
Oyun Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qurban Qurbanov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Futbolçularımı və azarkeşlərimizi təbrik edirəm. Bu gün sanki meydanda birlikdəydilər, bir-birilərinin arxasındaydılar. Şükür Allaha, belə gözəl qələbə əldə olundu. Qarşımızda “Kopenhagen” olsa da, futbolçularımız çəkinmədilər, çox ciddi mübarizə apardılar. Xüsusilə də, ikinci hissədə. Belə böyük turnirlərdə elə an olur ki, ona dözmək lazım gəlir. Bunu ikinci hissədə etdik. Rəqib dəyişikliklərlə daha çox riskə gtdi. Bəzi top itkilərimiz oldu. Amma ümumən bu cür mübarizə aparmaq, bizə qarşıdakı böyük oyunlarda çox fayda verəcək. Məşqçiləri ilə oyundan əvvəl danışdıq. Çox yaxşı iş görürlər. Az da olsa, iş prinsipləri ilə maraqlandıq. O da bizim iş prinsipimizdən danışdı. Pozitiv komanda idi”.
Qurbanov “Püşkatmadan əvvəl sizə desəydilər ki, iki oyundan sonra 6 xal qazanacaqsınız, buna inanardınız” sualına belə cavab verib:
“Bəlkə hamıda bu inam olmaya bilərdi. Amma məndə inam həmişə olub. Ötən il bizim çox yaxşı oyunlarımız oldu. Ancaq cəmi bir qalibiyyət əldə edə bildik. İnanırdım ki, oyunumuzu qoruyub-saxlaya bilsək, mübarizəni yaxşılaşdırsaq, bu mövsüm daha yaxşı nəticə olacaq. Sonda da çox gözəl və faydalı göstərici var. Həmişə inamla işləyirəm, futbolçularıma da inamla yanaşıram. Onlara da meydanda inamlı olmağı tövsiyə edirəm. Olmasa, bu cür oyun oynamaq olmaz. Futbol kollektiv oyunudur. Birimiz kollektivdən çıxsaq, qorxsaq, uğur əldə etmək olmaz. İnamımız həmişə olub. Amma bəzən deyirlər ki, hər şeyə real baxmaq lazımdır. Meydana inamsız çıxsaq, uduza bilərik. Uduzduğumuz oyunlarımız olub, amma hamı mübarizəmizdən razı qalıb”.
Qurban Qurbanov rahatlaşmağın əleyhinədir
Qurban Qurbanov futbol ölkəsi olmayan, kiçik ölkənin təmsilçisi olaraq, ÇL-də liderlər sırasında yer almaqlarına da toxunub:
“Biz Azərbaycanın “Qarabağ”ıyıq. Buna sevinirəm. Bu yerlərdə olmaq möhtəşəmdir. Cənab prezident də bizi təbrik edib. Ona da təşəkkür edirəm. Deməli, məsuliyyətimiz daha da artır. Bizə rahat olmaq yoxdur. Daha da inanaraq, güvənərək, çalışıb irəli getməliyik”.
Baş məşqçi “Qarabağ”ın artıq türk dünyasında, Türkiyə mətbuatında da geniş müzakirə olunmasına belə münasibət bildirib:
“Hamısına təşəkkür edirəm. Uğur olan yerdə, diqqət, inam, xoş sözlər olacaq. Bu, bizi yanıltmalı deyil. Çünki uğurun digər üzü – uğursuzluq da var. Buna da hazır olmalıyıq. Hər bir halda buna ancaq sevinirik ki, belə qardaş, nəhəng Türkiyədə “Qarabağ”a dəstək olurlar. Bu, bizim üçün böyük dayaq, böyük sevincdir. Oyundan əvvəl də “Qalatasaray”ı təbrik etmişdim. İndi də təbrik edirəm. Həmişə Türkiyə klublarının hər birinə azarkeşlik edirik, onlara uğurlar arzu edirəm”.
Qurban Qurbanov Avropadan təklif gözləmir
Qurban Qurbanov “avrokuboklarda planlarınızın zirvə nöqtəsi hansıdır” sualına isə belə cavab verib:
“Biz bu həyatda çox şey istəyə bilərik. Amma mənim üçün vacib olan neçə illərdir ki, komandadayam. Bu komandanın məsuliyyəti haqda danışmışam, “Qarabağ” mənim üçün nə deməkdir. Məşqçi kimi daha ciddi olmağımda, formalaşmağımda bu komanda mənim üçün əsas silah olub. Ola bilərdi ki, başqa klubda olum, uğurlu nəticələrim olsun. Amma orada bu qədər ciddi ola bilməzdim. Hardasa yorulardım. Amma bu komandada bu ad məni nə yorulmağa qoydu, nə də inamsız, məsuliyyətsiz olmağa. Əsas hədəf bu komandanı sağlam qoruyub-saxlamaq idi. Bilirdim ki, uğur gələcək. Bu komandada həmişə futbolçularımdan əsgərlər kimi vuruşmağı tələb etmişəm. Demişəm ki, onlar ölüm, güllə qarşısında olublar. Biz meydanda 90 dəqiqə oynayırıq, daha sonra istirahət edirik. Bu, mənim hədəfim idi. Futbol elə oyundur ki, mümkün deyil ki, hər il daha yaxşı, eyni nəticə olsun. Böyük klublar da bu il çempion olurlarsa, gələn il ola bilmirlər. Hamı inkişaf edir, hamı yenilik axtarır. Transferlərdə də bəzən az transfer edirik, bəzən futbolçunu çox araşdırırq. Qarşılığını Allah verəcək”.
Qurban Qurbanov Avropanın böyük klublarından təklif gözləmədiyini də vurğulayıb:
“Təkliflər haqda ümumiyyətlə düşünmürəm. Çünki belə hallarda daha da sadə olmağa çalışmalıyıq. Bu komandada stabilliyin çox vacib olduğunu dedim. Ağlımda belə fikir olsa, bu komandanın inamı da, uğuru da, sistemi də pozulacaq. Özümdən razılıq olardı ki, deyim Avropadan mənə təklif olmalıdır, filan. Bu haqda düşünmürəm. Hələ Azərbaycandayıq”.


