Qurban Qurbanov “Lex” zəfərindən danışdı: “Bu, başlanğıcdır”

Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Lex”ə (Polşa) qarşı keçirdikləri cavab oyununu şərh edib. Arena.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 5:1 hesabıyla qalib gəldikləri matçdan (ilk oyun 0:1) sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Hamını qələbə münasibətilə təbrik edirəm. Çox möhtəşəm qələbə oldu. Bu cür qalibiyyətlər nadir hallarda olur. Sadəcə, hər şey istədiyimiz kimi alındı. Futbolçular çox istəkli idilər. İlk saniyələrdə qol buraxsaq da, sınmadıq. Oyun intizamını saxladıq. Çox yaxşı komandaya qalib gəldik. Fərqli, sürətli oyunçuları var. Yaxşı əks hücuma çıxırdılar. Bu, bir başlanğıcdır. İlk oyundan sonra hamı Polşa azarkeşlərindən danışırdı. Bu gün gördük ki, bizim fanatlarımız onlardan üstündür. Dünən dedim ki, 10 milyon bizim arxamızdadır. Bu gün də bunun şahidi olduq.

Qarşıda komandamızı daha ciddi sınaqlar gözləyir. Yerimizdə dayanmalı deyilik. Daha ciddi, məsuliyyətli olmalıyıq. Futbolçuların mübarizəsi alqışalayiqdir”.

O, rəqib komandanın baş məşqçisi Con Van den Bromun hakim səhvləri ilə bağlı fikirlərinə də toxunub: “Hakimliklə bağlı danışılası əlavə nəsə yoxdur. Bizə qarşı da haqsızlıqlar olub. Bu cür fikir bildirməsi normaldır. Məğlub olanda belə şeylər baş verir. Onlara da uğurlar arzu edirəm”.

Qurbanov Kadi Borgesi yersiz sarı vərəqə aldığı üçün əvvəl danladığını, sonra isə bağışladığını söyləyib: “Belə şeylərə çox həssas yanaşıram. Heç nədən sarı vərəqə almağı oyunçuya yaraşdırmıram. Buna görə hirsləndim. Amma eşidəndə ki, birinci “sarı”sıdır, fasilədə həm danladım, həm də bağışladım”.

Baş məşqçi 2-ci təsnifat mərhələsində İsveçrə “Sürix”inə qarşı keçirəcəkləri görüşlərdən də söz açıb: “İlk oyundan elə hiss olunur ki, sanki Çempionlar Liqasının pley-offundayıq. İkinci rəqibimiz daha üstündür. Bugünkü atmosfer motivasiya baxımından yetərli olmaya bilər. Amma futbolçularım xeyli böyüyüblər, istənilən rəqibə qarşı motivasiya oluna bilirlər. Nadir hallarda problem olur. Elə rəqib olur ki, futbolçuları daha çox, bəzən isə nisbətən az motivasiya edirik. Bəzi rəqiblərin üstünə maksimum aqressiya ilə çıxmaq problem yaşada bilər.

“Sürix”lə ilk görüşün Bakıda keçirilməsini komandam üçün üstünlük hesab edirəm. Futbolçuların daha çox istirahət etməsi üçün üstünlükdür. Həftəlik mübarizə olanda oyundan sonra futbolçuların bərpası önəmli olur”.

“Bu intizamı qorumaq çətindir” – Qurban Qurbanov

Baş məşqçi yeni oyunçu axtarışlarının davam etdiyini bildirib: “Əmin olduqdan sonra transfer etmək istəyirik. O qədər başımıza iş gəlib ki, son anda alınmayıb. Yenə də bunda xeyir görmüşük. Deyək ki, heyəti mütləq gücləndirməliyik, belə fikrimiz yoxdur. Müəyyən çatışmazlıq ola bilər. Amma futbolçuların işgüzarlığı inam verir. Nə qədər çox usta oyunçu olsa, hazırlıq daha yaxşı səviyyədə olur”.

Qurban Qurbanov 5-ci qoldan sonra Elçin Rəhmanovun kövrəlməsinin və ona sarılmasının sosial şəbəkələrdəki təzyiqlərlə bağlı olmadığını qeyd edib: “Dünən də demişdim ki, hər bir yazıya hörmətlə yanaşırıq. Bu cür şeyləri normal qarşılayıram. Elçin müəlimin kövrəlməsi normaldır. Məndə də olur. Ümumiyyətlə, bu, futbola bağlı hər kəsdə baş verə bilər. Tənqiddən də, tərifdən də hiss edirəm ki, onlar komandanın arxasındadır. Belə yazılara normal baxıram. Elçin müəllimin kövrəlməsinə gəlincə, mən də kövrəlirəm. Futbolda belə halların yaşanmaması mümkün deyil. Ətraf ölkələrə baxsaq, bizdən hələ heç nə yazılmır”.

“Qarabağ”ın çalışdırıcısı rəqibin oyununu xeyli təhlil etdiklərini söyləyib: “Özlüyümdə 120 dəqiqəni də fikirləşmişdim. Düşüncəmdə əlavə 30 dəqiqədə bəzi dəyişikliklər var idi. Startda şanssız qol buraxdıq. Bəzən belə şeylərə sevinirəm. Futbolçularımın özlərini itirməməsi, yenidən oyuna qoşulması çox vacib amildir. Bu intizamı qorumaq çətindir. Yenə də eyni hücumları qurduq. 5-ci qoldan sonra mərhələ adlamağımıza şübhə etmədim. Gördüm ki, onlar da bir az həvəsdən düşüblər”.

Qurbanov Leandro Andradeni start heyətində meydana buraxmamasının səbəbini də açıqlayıb: “Evdə həm azarkeş təzyiqi, həm təcrübə olur. Andradenin oradakı oyunundan razı qalmışdım. Onun üstünlüklərindən gələcəkdə çox istifadə edəcəyik. Bu gün futbol elə səviyyəyə gəlib ki, istənilən oyunda böyük hesab ola bilər. Əvvəllər bunu 2-3 komanda edirdisə, indi çox matçlarda belə olur. Futbol elmi daha da artıb. Məşqçilər, düşüncələr genişlənib. Bizim də 5-6 qol buraxdığımız oyunlar olub. Əlbəttə ki, sevinirik. Hər şey bir tərəfə, azarkeşlər üçün sevinirik ki, gəlib həzz aldılar.

Qurban Qurbanov sonda zədəli Qara Qarayevin durumuna da toxunub: “Konkret fikir bildirmək çətindir. Sabah ikinci dəfə müayinədən keçəcək. Tam ciddi yox, amma bir az problemi ola bilər. Sabah daha dəqiq məlumat vermək olacaq”.

“Qarabağ” bu gün bizi keyfiyyət baxımından üstələdi”

Polşanın “Lex” komandasının baş məşqçisi Con van den Brom da Bakıdakı oyundan sonra fikirlərini bölüşüb:

“Öncə “Qarabağ”ı qələbə münasibətilə təbrik edir, növbəti mərhələdə onlara uğurlar arzulayıram. Biz də mərhələ keçə bilərdik. Bunun üçün əsasımız da var idi. Amma oyun uğursuz alındı. Çoxlu səhvə yol verdik. Təəssüf ki, hakim səhvləri də oldu. Yan xətt hakimləri azı 3 epizodda oyundankənar vəziyyət qeydə almadı. Amma bu, bəhanə olmamalıdır. “Qarabağ” bu gün əla oynadı və bizi keyfiyyət baxımından üstələdi”.

Niderlandlı baş məşqçinin sözlərinə görə, məğlubiyyətin fərqi yoxdur: “Amma 1:5 böyük hesabdır. Təcrübəmizdə bu cür məğlubiyyət olmayıb. Bəzi nüansları nəzərə almaq lazımdır. Hesab sırf rəqibin çox gözəl oyun sərgiləməsi ilə bağlı idi”.

Van den Brom hansısa səhvini vurğulamaq istəmədiyini söyləyib: “İlk matçdakı taktikanı bu dəfə də tətbiq etmişdik. Sadəcə, nə isə düz getmədi. Dediyim kimi, “Qarabağ” çox yaxşı oynadı. Burada yalnız rəqibin keyfiyyətli oyunundan söhbət gedə bilər”.

“Qarabağ”ın heyətində dubla imza atan Kadi Borges də matçla bağlı fikrilərini bölüşüb: “Belə matçdan sonra nə demək olar? Bu, “Qarabağ”ın gücüdür. Evdə necə rahat olduğumuzu göstərdik. Hər matç fərqli olur. Bəzən oyunumuz alınmaya bilər. Əsas odur ki, başımızı dik tutaq”.

Ağdam təmsilçisinin qollarından birinin müəllifi Filip Ozobiç də açıqlama verib: “Hər iki oyunda rəqibdən yaxşı komanda olduğumuzu göstərdik. Növbəti mərhələyə yüksəlməyi haqq edirdik. Oyunun məsuliyyətini dərk edirdik. Baş məşqçinin bütün tapşırıqlarını layiqincə yerinə yetirdik”.

Xəbəri sosial şəbəkələrdə paylaş: