Qvardiola “Rayo Valyekano”da

Bu yay İspaniyanın “Kadis” klubundan azad agent kimi ayrılmış hücumçu Serxi Qvardiola bundan sonra “Rayo Valyekano”da çıxış edəcək.

Arena.az bu barədə “Rayo Valyekano”nun rəsmi saytına istinadən xəbər verir.

33 yaşlı forvardla 1 illik (2025-ci ilin 30 iyununadək) müqavilə imzalanıb.

Serxi Qvardiola peşəkar karyerasına “Lorka Deportivo” klubunda başlayıb. “Xumilya”, “La Nusiya”, “Ontinyet”, “Xetafe”, “Novelda”, “Eldense”, “Alkorkon”, “Barselona”, “Qranada”, “Adelayde Yunayted”, “Mursiya”, “Kordoba”, “Valyadolid” kimi klublarda da oynamş hücumçu 2023-cü ilin yanvarından “Selta”da çıxış edirdi. Qvardiola hələ “Valyadolid”də çıxış edərkən 2021/2022 mövsümündə “Rayo Valyekano”da icarədə olub. Həmin vaxt o, bu klubun heyətində 38 oyuna çıxıb, 10 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.

“Rayo Valyekano” portuqaliyalı vingeri Bebe (Tyaqo Manuel Dias Korreya) ilə də yollarını ayırıb. 34 yaşlı futbolçu azad agent kimi “Rasinq Ferrol”a keçib. O, yeni klubu ilə 1 illik müqavilə bağlayıb.

Bebe 2018-ci ildən “Rayo Valyekano”nun uğurları üçün çalışırdı. O, bu klubun heyətində 187 oyun keçirib, 24 qol vurub, 17 məhsuldar ötürmə müəllifi olub. Təcrübəli oyunçu “Eybar”, “Pasuş de Ferreyra”, “Rio Ave”, “Kordoba”, “Mançester Yunayted”, “Saraqosa”, “Benfika” və “Beşiktaş” kimi klublarda da forma geyinib. Vaxtilə Portuqaliyanın U-19, U-20 və U-21 yığmalarında da oynamış Bebe 2022-ci ildən Kabo Verde yığmasında oynamağa başlayıb. O, bu komandanın heyətində 23 oyuna 6 qol vurub, 2 məhsuldar ötürmə verib.

“Rayo Valyekano” qapıçısı Migel Anxel Morronu da “Vizela”ya icarəyə verib. Portuqaliya klubu 23 yaşlı ispan qolkiperi bu mövsümün sonunadək satınalma şərti ilə icarəyə götürüb.

“Rayo Valyekano”nun yetirməsi olan Morro, bu klubun əsas komandasında 13 oyun keçirib, 18 qol buraxıb, 3 matçda qapısını toxunulmaz saxlayıb. O, bir mövsüm “Fuenlabrada” klubunda da icarədə olub. İspaniyanın U-19 və U-21 yığmalarında oynamış qapıçıya əsas yığmada ehtiyac duyulmayıb.