Rəşad Sadıqov: “Ən çox bəyəndiyim oyunlardan birini keçirdik”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 11-ci turunda “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 2:2 hesabıyla başa çatan matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:

“Futbolçularımın çıxışından razı qaldım. Bu mövsüm bəlkə də ən çox bəyəndiyim oyunlardan birini keçirdik. Yaxşı rəqibə qarşı oynayırdıq. “Səbail” uğurlu çıxış edir. Oyun bizim üçün çox yaxşı başladı. Hesabı açdıqdan sonra rəqibin müdafiəsində yaxşı boşluqlar var idi. Onlardan istifadə etmədik. Ancaq 2-3 dəqiqə içərisində iki qol buraxdıq. Bizim üçün böyük sarsıntı idi. Buna baxmayaraq, futbolçular oyuna nəzarəti əldən vermədilər, sona qədər hücum etməyə çalışdıq. Yetərincə qol epizodlarımız var idi. Hesabı da bərabərləşdirdik. Futbolçularıma təşəkkür edirəm. Bu mövsüm məni ən çox razı salan oyunumuz idi.

Rəqib bu gün çox dəqiq oynadı. Qapımıza demək olar ki, iki ciddi zərbə gəldi, ikisi də qolla nəticələndi. Belə dəqiqlik olan zaman inanırsan, meydanın kənarında da düşünürsən ki, qələbə qazanmaq çətin olacaq. Bizdə də çoxsaylı zərbələr, hücumlar olur, amma hər zərbə qolla yekunlaşsa, yəqin ki, bu gün 4-5 qol vura bilərdik. Pedro Nuno usta futbolçudur, bu gün də onu göstərdi. Birinci qol möhtəşəm idi, ikinci də həmçinin, onu yoxdan var etdi. Müdafiəni nədəsə günahlandıra bilmirəm. Pedro əlinə düşən yarım fürsətdən çox yaxşı istifadə etdi”.

“Mütləq şəkildə heyətimizi genişləndirməliyik”

Rəşad Sadıqov komandadakı itkilərdən və transfer planlarından da söz açıb:

“Bu oyundan öncə ciddi itkilərimiz vardı. Sonradan meydana buraxmağa yarımmüdafiəçimiz, hücumçumuz yox idi. Oyunu məcburiyyətdən belə tamamladıq. Ehtiyatda olanların hamısı müdafiəyəmeyilli idilər. Problemlər var, bunu əvvəlcədən də görürdük. Bunu çözmək üçün yalnız qış fasiləsində vaxtımız olacaq. İndi heç nə edə bilmərik. Maksimum dərəcədə düşdüyümüz vəziyyətdən çıxmağa çalışmalıyıq. Digər komandaların heç birində bu qədər zədə yoxdur, ən çox zədə bizdədir. Bəzən futbolçulara daha çox istirahət veririk, zədələri nəzərə alaraq, planlarımızda dəyişiklik edirik. Yükləmələri də aşağı salırıq, ancaq yenə zədələrdən qurtula bilmirik. İki gün qabaq məşqdə Eldar Quliyev də sıradan çıxdı.

Transferlərlə bağlı müəyyən axtarışlar gedir, nəzarətdə saxladığımız oyunçular var. Məsələn, yayda razılaşıb gətirə bilmədiyimiz oyunçularımız var. Onlarla danışırıq, başqa futbolçulara baxırıq. Mütləq şəkildə heyətimizi genişləndirməliyik. Müdafiə və hücum xəttində də yeni oyunçulara ehtiyacımız var. Stefan Akka zədəli idi, cəmi iki stopperlə oynayırdıq, hər ikisinin də üç “sarı”sı var. Onlardan biri sarı vərəqə ilə cəzalandırılsaydı, növbəti oyunda meydana buraxacaq stoperimiz olmayacaqdı. Heyətimizi gücləndirməliyik”.

“Futbolumuzda özümdən sonra iz buraxmaq istəyirəm”

“Səbail”in baş məşqçisi Şahin Diniyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

“Maraqlı oyun oldu. Azarkeşlər çox qol gördülər. Birinci hissədə bizim, ikinci hissədə “Zirə”nin üstünlüyü var idi. “Zirə” çox yaxşı təşkilatlanmış komandadır, müdafiədə boşluqlar vermir. İlk yarıda bu boşluqları tapa bildik. Daha bir neçə qol epizodumuz oldu, sadəcə, bir az məsuliyyətli yanaşmadıq. İkinci yarıda komandam müdafiəyə oturdu və hesabı saxlamağa çalışdı. Futbol da belə şeyləri sevmir. Bəlkə də, 11 oyunda mənim ən xoşuma gəlməyən bugünkü ikinci 45 dəqiqə idi. Futbolçularımdan geridə qalmış 10 oyunda niyə xoşum gəlirdi? Rəqibin kimliyindən asılı olmayaraq, 3 xal üçün oynayırıq, futbolçuların gözləri yanırdı. Amma bu gün ikinci yarıda onu görmədim. “Zirə”yə uğurlar arzulayıram, Rəşad Sadıqov intizamlı komanda qurub. Bəlkə də, səfərdə liderdən bir xal almaq sevindirici hal ola bilərdi. Amma mən hər dəfə nəticədən çox, oyunun keyfiyyətinə fikir verirəm. O sarıdan ikinci yarı məni çox məyus etdi.

Bu ilin mayında “Şamaxı” ilə həlledici matçımız var idi. Klubun taleyi nazik ipdən asılı idi, yəni son oyundan. Məğlub olsaydıq, bu klub yox ola bilərdi. Heç kim sənə zəmanət verə bilməz ki, zaman xeyrinə işləyəcək. Yanvarda biləcəksən ki, sən nəyə qadirsən. Əvvəldən iki Ramalinqom gətirib, ilk turda “Sumqayıt”a 1:4 uduzsaydım, heç kim məni başa düşməyəcəkdi. Mələk deyiləm, mənim də günahlarım var. Amma istəyirəm axşam yatanda rahat olum, bilim ki, heç kimin haqqına girməmişəm. Büdcə var, o demək deyil ki, nə istəyirsən, et. Mən “Səbail”də, futbolumuzda özümdən sonra iz buraxmaq istəyirəm.

İstəklə reallıq üst-üstə düşməlidir. Hərdən düşmür. Deyirlər üçdə gedirsən, niyə ikini istəmirsən? Axı reallıqlar var. Demişdim ki, iddialı “Səbail” olacaq, oldu. Hər oyunda qol vururuq. Futbol oynayırıq. Bu gün niyə narazı idim? Dedim arxada oturmayın, qorxaq oynamayın, 0:5, 0:8 uduzun, mən qəbul edəcəyəm. Camaat gəlir futbola baxmağa. Sən bir saat yerdə uzan qal, o biri hara gəldi vursun. Kimə ləzzət verəcək? İstəyim yaxşı futboldur”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: