“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının ikinci turunun “Kəpəz”lə oyunundan sonra (1:0) mətbuat konfransında iştirak edib.
Arena.az xəbər verir ki, o, qarşılaşmanın gərgin keçdiyini diqqətə çatdırıb:
“Gərgin oyun oldu. “Kəpəz” yaxşı müdafiə olunub, əks-hücumlara bel bağlamışdı. Biz də müdafiəni yarmağa çalışırdıq. Hər şey düşündüyümüz, istədiyimiz kimi gedirdi. Bu cür komandaların müdafiəsini yarmaq çox çətindir. Səbrili oynadıq, qol şansı əldə etdik, fərqləndik. Rəqib üzərimizə gəldi. Belə məqamılarda rəqibin müdafiəsinin boşluğundan istifadə etmək lazımdır. “Kəpəz” son dəqiqələrdə irəli atılmışdı. Amma bundan yararlana bilmədik. Ötən mövsüm də çətin alınmışdı. “Kəpəz”ə qarşı bütün rəqiblər çətinlik yaşayır. Bu rəqib üzərində qələbə asan deyil. İlk ev oyunumuz idi, vacib qələbə qazandıq. Mövsümə ardıcıl iki qələbə ilə başlamışıq, bu, çox vacibdir. Amma buna görə eyforiyaya qapılacağıqsa, şərh vermək istəmirəm. Bu gün turnir cədvəlini qiymətləndirmək zamanı deyil. 15-20 tur keçdikdən sonra baxmaq olar. Hazırda turnir cədvəli haqda danışmağın mənası yoxdur”.
Rəşad Sadıqov tez-tez zədələnən Rüstəm Əhmədzadə və Filipe Paxtman haqqında da danışıb:
“Rüstəm toplanışda zədələndi. Son yoldaşlıq görüşündə 60 dəqiqə oynamışdı. Ötən oyunda da əzmkarlıq göstərdi, güc sərf etdi. Həftə ortası da yorğun görünürdü. Seçimimiz yoxdur deyə, Rüstəm meydanda mütləq olmalıydı. Özünün də, bizim də istədiyimiz kimi oynamayacağını ehtimal edirdik. Amma sona qədər mübarizə apardı. Zədəyə qədər ən yaxşı durumdaydı. Paxtmana gəldikdə, onun çətin futbol taleyi olub son illərdə. Zədələnirdi. Dəstək olmağa çalışırıq. Çünki böyük potensialı var. Ən vacibi odur ki, zədələnməsin. Zədələnməsə, oynaya-oynaya 2-3 aya tam formaya çatacaq. Zədələnməməsi vacibdir”.
“Kəpəz” sırf dövlət tərəfindən ayrılan maliyyə ilə yaşayır”
“Kəpəz”in baş məşqçisi Azər Məmmədov isə məğlub olduqları matçla bağlı bunları dilə gətirib:
“Futbolçulara oyuna görə təşəkkür etdim. Buna layiq idilər. İki fərqli hissə gördük. İlk yarıda “Neftçi” ilə oyunda olduğu kimi, rəqibi əks-hücumda tutmağa çalışırdıq. İlk dəqiqələrdə bunu bacardıq. Sonradan edə bilmədik. İkinci yarıda irəli xətdə dəyişikliklər etdik. Komandamız qoldan sonra daha yaxşı idi. Hətta bir az “Zirə”ni üstələdik. Diqqətsizlikdən qapımızda qol gördük. Yekunda da uduzduq. “Zirə”ni təbrik edirəm.
Transferlər ən ağrılı yerimizdir. Komandada futbolçu kasadlığı görünür. Müasir futbolda maliyyə çox önəmlidir. Biz sırf dövlət tərəfindən ayrılan maliyyə ilə yaşayırıq. Gəncə kimi böyük şəhərin komandasının sponsoru yoxdur. Büdcəmiz imkan verdiyi qədər transfer edirik. Hər transferdə də diqqətli olmağa çalışırıq. Çünki yanlışlıq büdcəmizdə böyük itki deməkdir. Transferləri mövsüm başlayana qədər bitirməyi hədəfləmişdik. Amma alınmadı. Bu gün də axtarışdayıq, bir neçə oyunçu ilə razılıq var. Bəzən Gəncəyə gəlmək istəmirlər, Bakını istəyirlər. Bəzən həyat yoldaşları, ailələri imkan vermir. Ən çox da artıq pul istəyirlər. Transfer pəncərəsi bağlanana qədər büdcəmizə uyğun 3-4 transfer edəcəyik”.


