Raffaele Palladino “Fiorentina”dan ayrıldı

41 yaşlı italyan mütəxəssis Raffaele Palladino “Fiorentina”nın baş məşqçisi vəzifəsindən istefa verərək, “bənövşələr”dən ayrılıb.

Arena.az bu barədə İtaliya klubunun mətbuat xidmətinə istinadən məlumat verir.

Palladino bütün baş məşqçi qərargahı ilə komandanı tərk edib. Belə bir ehtimal var ki, Palladino “Atalanta”nın sükanı arxasında 67 yaşlı italyan mütəxəssis Can Pyero Qasperinini əvəzləyəcək. Qasperinin isə “Roma”nı çalışdıracağı haqda məlumat var.

Əlavə edək ki, “Fiorentina” rəhbərliyi üç həftə əvvəl Palladino ilə müqavilə müddətini uzatmışdı.

Raffaele Palladino “Fiorentina”nı 2024-cü ilin yayında qəbul etmişdi. Bu müddətdə italyan mütəxəssis “bənövşələr”i 53 oyuna çıxarıb, 26 qələbə, 12 heç-heçə, 15 məğlubiyyət yaşayıb, top fərqi isə 104:73 nisbətindədir.

Palladino “Fiorentina”ya növbəti mövsümün Konfrans Liqasının təsifat mərhələsinə vəsiqə qazandırıb. “Bənövşələr” buna İtaliya A Seriyasının yarış cədvəlində 65 xalla 6-cı yeri tutmaqla müvəffəq olublar.

41 yaşlı italyan mütəxəssis daha öncə “Montsa”ya da rəhbərlik edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: