Rafinya: “Barselona”ya yeni oyunçu lazım deyil”

“Barselona”nın braziliyalı hücumçusu Rafinya La Liqanın 4-cü turunda “Valyadolid” üzərində qazanılmış qələbəni (7:0) şərh edib.

Arena.az bu oyunda het-trikə imza atmış futbolçunun matçla bağlı fikirlərini təqdim edir:

“Bunun, mənim ən yaxşı oyunum olub-olmadığını bilmirəm, amma ən yaxşılarından biri idi. Bu, karyeramda ilk het-trikdir. Komanda yoldaşlarıma kömək etməkdən xoşbəxtəm.

Özümü yaxşı hiss edirəm, məzuniyyətdən qayıtdıqdan sonra çox çalışmışam. Bu mövsümün mənim üçün çox vacib olduğunu bilirdim və əlimdən gələni etməyə çalışıram. Bu oyun göstərdi ki, başqa transferlərə, gələcək futbolçulara ehtiyac yoxdur. Komanda çox çalışır və bu nəticə bizim indi gördüyümüz işlər haqqında çox məqamı açıqlayır. Biz həmişə çoxlu qol vurmaq istəyirik”.

Xatırladaq ki, Rafinya Braziliyanın “Avai” klubunun yetirməsidir. Karyerasnın Avropa dönəminə “Vitoriya”da (Gimaraynş) başlamış futbolçu “Sportinq” (Lissabon), “Renn” və “Lids”də çıxış edib. 2022-ci ilin iyulunda “Barselona” Rafinyanı 58 milyon avro müqabilində heyətinə tarnsfer edib. Braziliyalı vingerin Kataloniya klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Rafinya cari mövsümdə İspaniya nəhənginin heyətində bütün yarışlarda 4 oyuna çıxıb, 3 qol vurub, 3 məhsuldar ötürmə verib. 27 yaşlı futbolçunun “Barselona” karyerası bütövlükdə 91 oyun, 23 qol və 28 məhsuldar ötürmədən ibarətdir.

Braziliyalı vinger bu komanda ilə 2022/2023-cü illər mövsümünün İspaniya La Liqasını qazanıb və həmin mövsüm İspaniya Super Kubokunun qalibi olub.

Rafinya 2021-ci ilin oktyabrında debüt etdiyi Braziliya millisinin heyətində 27 oyuna çıxıb, 7 qol vurub, 6 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 27 yaşlı braziliyalı vingerin transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.