“Barselona”nın braziliyalı vingeri Rafinya mövsümün ilk 7 oyununda vurduğu qolların sayına görə Lionel Messinin rekordunu geridə qoyub.
Arena.az xəbər verir ki, Kataloniya təmsilçisi İspaniya çempionatının 6-cı turunda doğma meydanda “Rasinq”i 7:2 hesabı ilə darmadağın edib.
Bu qarşılaşmada het-trikə imza atan Rafinya mövsümün ilk 7 matçında vurduğu qolların sayını 11-ə çatdırıb. Əvvəlki rekord Lionel Messiyə məxsus idi. Argentinalı ulduz 2012/2013-cü illər mövsümünün ilk 7 oyununda 10 qol vurmuşdu.
Qeyd edək ki, “Barselona”nın 19 yaşlı futbolçusu Lamin Yamal da “Rasinq”lə görüşdə fərqlənərək şəxsi rekordunu təkrarlayıb. İspaniyalı vinger ardıcıl 5-ci oyunda qol vurub. O, daha əvvəl “Rayo Valyekano”, “Valensiya”, “Feyenoord” və “Levante” ilə qarşılaşmalarda da rəqib qapılarına yol tapmışdı.
Bundan başqa, “Barselona” 111 ildən sonra ilk dəfə mövsümə bütün rəsmi turnirlərdə ardıcıl 7 qələbə ilə başlayıb. Kataloniya klubu sonuncu dəfə 1915/1916-cı illər mövsümündə belə nəticəyə imza atmışdı. Həmin vaxt komanda 44 qol vurmuşdu, cari mövsümdə isə 33 dəfə fərqlənib.
“Barselona” hazırda 18 xalla La Liqanın turnir cədvəlinə başçılıq edir.


