2024/2025-ci illər mövsümü “Barselona”nın 28 yaşlı braziliyalı ulduzu, cinah hücumçusu Rafinya üçün əlamətdar olub.
Arena.az məlumat verir ki, cari mövsümdə fantastik çıxışı ilə diqqət çəkən futbolçunun adı “Qızıl top”a ən əsas namizəd olaraq çəkilir.
Braziliyalı ulduz həmvətəni, “blauqrana”nın keçmiş oyunçusu, hazırda “Santos”da çıxış edən ulduz hücumçu Neymarın Kataloniya klubundakı ən məhsuldar nəticəsini üstələyib.
Cari mövsümdə Rafinya “Barselona”nın heyətində 59 səmərəli fəaliyyətə imza atıb – 34 qol və 25 məhsuldar ötürmə. Neymar isə “blauqrana”nın heyətində ən məhsuldar – 2015/2016-cı illər mövsümndə 53 səmərəli fəaliyyətlə fərqlənmişdi.
Göründüyü kimi, Rafinya müvafiq nəticəsini daha da yaxşılaşdıra bilər.
Rafinya “Avai” klubunun yetirməsidir. Karyerasnın Avropa dönəminə “Vitoriya”da (Gimaraynş) başlamış futbolçu “Sportinq” (Lissabon), “Renn” və “Lids”də çıxış edib. 2022-ci ilin iyul ayında “Barselona” Rafinyanı 58 milyon avro məbləğ müqabilində “Lids”dən tanhüquqlu əsasda “blauqrana”nın heyətinə qatıb. Braziliyalı hücumçunun Kataloniya klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə braziliyalı futbolçu “Barselona” üçün bütün yarışlarda 54 oyun keçirib, 34 qol və 25 məhsuldar ötürmə ilə fərqlənib.
Rafinyanın “Barselona” karyerası ümumilikdə 141 oyun, 54 qol və 50 məhsuldar ötürmədən ibarətdir.
Braziliyalı hücumçu Kataloniya nəhəngi ilə 2022/2023-cü illər mövsümündə İspaniya La Liqasını qazanıb və həmin mövsüm İspaniya Super Kubokunun (2022/2023, 2024/2025) qalibi olub.
Rafinya 2021-ci ilin oktyabr ayında debüt etdiyi Braziliya milli komandasının heyətində 33 oyuna çıxıb, 11 qol vurub, 7 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 28 yaşlı braziliyalı cinah hücumçusunun transfer dəyərini 80 milyon avro məbləğində qiymətləndirir.


