Rafinya Neymarın “Barselona”dakı uğurunu təkrarladı

İspaniya La Liqasının 4-cü turunda “Valyadolid”ə qarşı ev oyunu (7:0) “Barselona”nın cinah hücumçusu Rafinya üçün əlamətdar olub.

Arena.az xatırladır ki, braziliyalı futbolçu bu oyunda 3 qol vurub və 1 məhsular ötürmə verib.

“Barça Universal” dərgisinin məlumatına görə, bu nəticəsi ilə braziliyalı futbolçu məşhur həmvətəni, “Barselona”nın keçmiş hücumçusu Neymarın rekordunu təkrarlamış olub.

Belə ki, XXI əsrdə yalnız iki braziliyalı futbolçu – Neymar və Rafinya “blauqrana”nın heyətində bir oyunda həm het-trik edə və həm də məhsuldar ötürmə verə bilib.

Rafinya Braziliyanın “Avai” klubunun yetirməsidir. Karyerasnın Avropa dönəminə “Vitoriya”da (Gimaraynş) başlamış futbolçu “Sportinq” (Lissabon), “Renn” və “Lids”də çıxış edib. 2022-ci ilin iyulunda “Barselona” Rafinyanı 58 milyon avro məbləğ müqabilində heyətinə qatıb. Braziliyalı vingerin Kataloniya klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Geridə qalmış 2023/2024 mövsümündə Rafinya İspaniya nəhənginin heyətində bütün yarışlarda 37 oyuna çıxıb, 10 qol vurub, 13 məhsuldar ötürmə verib.

Cari mövsümdə isə Rafinya “Barsleona” üçün 4 oyun keçirib, 3 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.

Rafinyanın “Barselona” karyerası ümumilikdə 91 oyun, 23 qol və 28 məhsuldar ötürmədən ibarətdir.

Rafinya “Barselona” ilə 2022/2023-cü illər mövsümü İspaniya La Liqasını qazanıb və həmin mövsüm İspaniya Super Kubokunun qalibi olub.

Rafinya 2021-ci ilin oktyabrında debüt etdiyi Braziliya millisinin heyətində 27 oyuna çıxıb, 7 qol vurub, 6 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 27 yaşlı braziliyalı cinah hücumçusunun transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: