Rafinya: “Ötən yay “Barselona”dan ayrılmaq istəyirdim”

“Barselona”nın braziliyalı ulduzu, cinah hücumçusu Rafinya ötən yay “blauqrana”dan ayırılmaq istədiyini etiraf edib.

Arena.az “Globo Esporte” dərgisinə istinadən, braziliyalı futbolçunun müvafiq açıqlamasını təqdim edir:

“Hər gün xəbərlər yayılırdı ki, mən bu və ya digər komandaya gedirəm. Elə, mən özüm də “Barselona”dan getmək haqda düşünürdüm, çünki özümü pis hiss edirdim. Məndə nəsə alınmırdı, mən mövsümü öz səviyyəmdən aşağı keçirmişdim.

Mən, adamların məndən getməyimi necə istəmələrini görürdüm, deyirdilər ki, mən kluba gərək deyiləm. Amma Amerika Kubokundan sonra “Hansi” Flik mənə zəng etdi və hər hansı qərar qəbul etməzdən əvvəl məşqə gəlməyimi xahiş etdi. O, mənə bel bağlayırdı.

Bu danışıq mənim qalmaq qərarımda həlledici oldu. Mən öz arvadımla danışdım və ona dedim ki, əgər Flik futbolçuları məşqlərdə onların öz şərtləri ilə ədalətlə qiymətləndirsə, onda o, bir həftədən sonra mənim keyfiyyətlərimə əmin olacaq və bu haqda təəssüflənməyəcək. Düşünürəm ki, bu, işə yaradı”, deyə braziliyalı cinah hücumçusu məmnunluqla vurğulayıb.

Rafinya Braziliyanın “Avai” klubunun yetirməsidir. Karyerasnın Avropa dönəminə “Vitoriya”da (Gimaraynş) başlamış futbolçu “Sportinq” (Lissabon), “Renn” və “Lids”də çıxış edib. 2022-ci ilin iyul ayında “Barselona” Rafinyanı 58 milyon avro məbləğ müqabilində “Lids”dən “blauqrana”nın heyətinə qatıb. Braziliyalı hücumçunun Kataloniya klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Rafinya “Barselona” üçün bütün yarışlarda 42 oyun keçirib, 27 qol və 20 məhsuldar ötürmə ilə fərqlənib.

Rafinyanın “Barselona” karyerası ümumilikdə 129 oyun, 47 qol və 45 məhsuldar ötürmədən ibarətdir.

Braziliyalı hücumçu Kataloniya nəhəngi ilə 2022/2023-cü illər mövsümündə İspaniya La Liqasını qazanıb və həmin mövsüm İspaniya Super Kubokunun (2022/2023, 2024/2025) qalibi olub.

Rafinya 2021-ci ilin oktyabr ayında debüt etdiyi Braziliya milli komandasının heyətində 32 oyuna çıxıb, 11 qol vurub, 7 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 28 yaşlı braziliyalı cinah hücumçusunun transfer dəyərini 80 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: