Türkiyənin “Kocaelispor” klubunun yeni transferi, azərbaycanlı hücumçu Ramil Şeydayev yerli mətbuata açıqlama verib.
Arena.az xəbər verir ki, Azərbaycan millisinin də üzvü olan futbolçu TFF Birinci Liqasında çempionluğu hədəflədiklərini bildirib:
“Altay”la növbəti turun oyununda yeni komandamda debüt etmək istəyirəm. Bu, baş məşqçinin qərarından asılı olacaq. Baş məşqçinin qərarına hər zaman hörmətlə yanaşıram. Çempionluğa doğru addım-addım irəliləmək lazımdır. Hədəfimiz Super Liqaya vəsiqə qazanmaqdır”.
27 yaşlı oyunçu “Eyüpspor”u 2:1 hesabı ilə məğlub etdikləri 19-cu turun oyunu barədə də fikirlərini bölüşüb: “Eyüpspor”la matç yaxşı keçdi. Sürətli gedişlər oldu, atmosfer mükəmməl idi. “Eyüpspor” üçün çətin mübarizə alındı. Azarkeşlərimiz sayəsində bunu bacardıq. Çünki rəqibin futbolçularına böyük təzyiq göstərdilər. Açığı, çox xoşuma gəldi”.
Ramil Şeydayev təklif aldığı zaman vaxtilə “Kocaelispor”da çıxış etmiş “Zirə”nin baş məşqçisi Rəşad Sadıqovla məsləhətləşdiyini vurğulayıb: “Kocaelispor”a gəlməzdən əvvəl Rəşad Sadıqovla danışdım. Söhbətimiz uzun sürmədi. O, söhbət zamanı daha çox “Kocaelispor” azarkeşlərindən bəhs etdi. Komandanın çox yaxşı azarkeş kütləsinə malik olduğunu bildirdi. “Özünü necə rahat hiss edəcəksənsə, qərarını da ona görə ver” dedi. Mən də bura gəlməyi üstün tutdum”.
Hücumçu yeni komandasına uyğunlaşmaqda problem yaşamadığını sözlərinə əlavə edib: “Bura uyğunlaşmaq çox rahat olacaq. Çünki yaxşı dostluq mühiti hökm sürür. Türkiyədə olmuşam, dili bir az bilirəm. Dini baxımdan da heç bir fərq yoxdur. Komanda yoldaşlarımla yaxşı vaxt keçirirəm. Mənim üçün hər şey yaxşı gedir”.
Xatırladaq ki, Şeydayev bu qış transfer dönəmində Tailandın “Buriram Yunayted” klubundan 800 min avro qarşılığından “Kocaelispor”a keçib. O, Türkiyə klubu ilə 1,5 illik müqaviləyə imza atıb.


