Ramil Şeydayev “Kocaelispor”da ilk məğlubiyyətinə üzüldü

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev Türkiyənin “Kocaelispor” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda bu gün TFF Birinci Liqanın 23-cü turu çərçivəsində “Şanlıurfaspor”la qarşılaşıb.

Doğma meydanda baş tutan görüş Kocaeli klubu üçün uğursuz alınıb. Ramilin komandası minimal hesablı məğlubiyyətə üzülüb – 0:1.

Şeydayev bu oyunun fasiləsindən dərhal sonra – 46-cı dəqiqədə meydana buraxılıb. Amma milli üzvü komandasına heç nə ilə kömək edə bilməyib.

Ardıcıl ikinci oyunda xal itirən “Kocaelispor” bu nəticədən sonra 43 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. Cari mövsümdə 6-cı məğlubiyyətinə üzülən futbolçumuzun komandası, 4 heç-heçə edib, 13 qələbəyə sevinib.

Xatırladaq ki, Ramil Şeydayev “Kocaelispor”a yanvarın 17-də Tailandın “Buriram Yunayted” klubundan 800 min avro qarşılığında transfer olub. Onun Türkiyə klubu ilə 2025-ci ilin 30 iyununa kimi müqaviləsi var. Millimizin üzvü Kocaeli təmsilçisində 4 oyuna çıxsa da, hələlik, məhsuldar fəaliyyəti ilə diqqət mərkəzinə düşə bilməyib.

Xəbəri sosial şəbəkələrdə paylaş: