Bu gün “Kocaelispor”la rəsmi müqaviləyə imza atan Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev Türkiyə klubuna keçidindən danışıb.
Arena.az xəbər verir ki, o, TFF Birinci Liqa təmsilçisinin təşkil etdiyi təqdimat mərasimində bunları söyləyib:
“Kocaelispor”u Rəşad Sadıqova görə tanıyırdım. Transfer danışığı uzun sürdü. Amma bu komandaya keçdiyim üçün xoşbəxtəm. Uğurlu mövsüm keçirmək istəyirəm. Türkiyədə və “Kocaelispor”da olmaq, burada oynamaq məni həyəcanlandırır. Transferimdə əməyi keçən hər kəsə təşəkkür edirəm. Ümid edirəm ki, mövsümün sonunda birlikdə sevinəcəyik”.
“Kocaelispor”un prezidenti Engin Koyun da Şeydayevin transferi ilə bağlı fikirlərini bölüşüb:
“Bu, bizim üçün önəmli bir transferdir. Azərbaycan millisinin hücumçusunu heyətimizə qatdıq. Ramil camiəmız üçün xeyirli olsun. Fikrimcə, Şeydayev vuracağı qollarla və edəcəyi məhsuldar ötürmələrlə çempionluğa ciddi töhfə verəcək”.
Xatırladaq ki, bu gün Tailandın “Buriram Yunayted” klubundan ayrılan Ramil Şeydayev 800 min avro qarşılığında “Kocaelispor”a keçib. O, Türkiyə klubu ilə 1,5 illik müqaviləyə imza atıb. Hücumçu bu mövsümün sonuna qədər mükafatlar daxil olmaqla 300 min avro əldə edəcək. Şeydayevin növbəti mövsüm üçün qazancı isə 550 min avro olacaq.
Şeydayev “Buriram Yunayted”ə 2023-cü ilin yayında “Qarabağ”dan azad agent kimi ayrılaraq keçmişdi. O, bu komandanın heyətində 16 oyuna çıxıb, 1 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.
Xatırladaq ki, Ramil Şeydayev 2016-2018-ci illər aralığında Türkiyədə “Trabzonspor”un da formasını geyinib.
Şeydayev karyerası ərzində “Qarabağ”, “Sabah”, “Dinamo” (Moskva), “Krılya Sovetov”, “Jilina”, “Rubin”, “Zenit” kimi klubların formasını geyinib. O, Azərbaycan milli komandasında da 59 oyuna çıxıb, 10 qola imza atıb.


