Futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayev Türkiyənin “Kocaelispor” klubundan ayrılıb.
Arena.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Xəbərdə bildirilir ki, 28 yaşlı hücumçu artıq dünən komandanın “Düzce Topuk Yaylası Tesisleri”ndəki məşq düşərgəsini tərk edib. İddiaya görə, Ramil “Neftçi” ilə razılaşıb. Onun qarşıdakı günlərdə Bakı klubu ilə müqavilə imzalayacağı iddia olunub.
Xatırladaq ki, Ramil Şeydayev “Kocaelispor”a bu il yanvarın 17-də Tailandın “Buriram Yunayted” klubundan 800 min avro qarşılığında transfer olmuşdu. Onun Türkiyə klubu ilə 2025-ci ilin 30 iyununa kimi müqaviləsi vardı. Millimizin üzvü Kocaeli təmsilçisində 16 oyuna çıxıb və cəmi 1 qolla yadda qalıb.
Şeydayev 2016-2018-ci illər aralığında Türkiyədə “Trabzonspor”un da formasını geyinib. Amma onun bu klubdakı karyerası da uğurlu alınmamışdı.
Şeydayev karyerası ərzində “Qarabağ”, “Sabah”, “Dinamo” (Moskva), “Krılya Sovetov”, “Jilina”, “Rubin”, “Zenit”, “Buriram Yunayted” kimi klubların formasını geyinib. O, Azərbaycan milli komandasında da 63 oyuna çıxıb, 10 qola imza atıb, 3 məhsuldar ötürmə müəllifi olub.


