Ramil Şeydayev qol ötürməsi verdi, “Buriram Yunayted”…

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev Tailandın “Buriram Yunayted” komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, futbolçumuzun komandası Tailandın digər təmsilçisi “Kxonken Yunayted”lə yoxlama oyunu keçirib.

Azərbaycanlı futbolçu bu matçın start heyətində yer alıb. Görüş “Buriram Yunayted”in 4:1 hesablı qələbəsi ilə başa çatıb. Şeydayev 6-cı dəqiqədə vurulan ilk qolda məhsuldar ötürmə ilə yadda qalıb.

“Buriram Yunayted” daha əvvəl yerli “Utai Tani” (2:1) və Honqkonqun “Kitçi” (3:2) komandası ilə də yoxlama oyunu keçirmiş və qalib gəlmişdi. Ramil həmin oyunlara da start heyətdə başlamışdı. O, “Kitçi” ilə görüşdə də ilk qolun məhsuldar ötürməsinin müəllifi olmuşdu.

Xatırladaq ki, bu yay “Qarabağ”dan ayrılan Ramil Şeydayev “Buriram Yunayted”lə azad agent kimi 2 illik müqaviləyə imza atıb.

“Buriram Yunayted” Tailand çempionatında yeni mövsümə avqustun 12-də məhz “Kxonken Yunayted”ə qarşı keçirəcəyi səfər oyunu ilə start verəcək. Bundan öncə isə futbolçumuzun komandası “Banqkok Yunayted”lə Çempionlar Kubokunun görüşündə üz-üzə gələcək. Həmin oyun avqustun 5-də keçiriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: