Futbol üzrə Azərbaycan millisinin üzvü, Türkiyənin “Kocaelispor” klubunda forma geyinən Ramil Şeydayev yenidən baş məşqçisiz qalıb.
Arena.az xəbər verir ki, bu barədə “Kocaelispor” klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, Kocaeli təmsilçisinin baş məşqçisi Mustafa Gürsel ilə yolların ayırılması qərara alınıb. 54 yaşlı mütəxəssis və köməkçilərinin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.
Xatırladaq ki, Mustafa Gürsel fevral ayından bu komandaya rəhbərlik edirdi. “Kocaelispor” onun rəhbərliyi ilə 11 matçda 3 qələbə qazanıb, 3 dəfə heç-heçə oynayıb və 5 dəfə uduzub.
Qeyd edək ki, “Kocaelispor” Birinci Liqada mövsümün əsas hissəsini 55 xalla 6-cı pillədə başa vurub. Komanda Super Liqaya vəsiqə uğrunda pley-offda mübarizə aparacaq. İzmit klubu əvvəlcə “Çorum”la qarşılaşacaq. “Kocaelispor”u qarşıdakı vacib oyunlara kimin çıxaracağı hələ bəlli deyil.
Ramil Şeydayev “Kocaelispor”a bu il yanvarın 17-də Tailandın “Buriram Yunayted” klubundan 800 min avro qarşılığında transfer olub. Onun Türkiyə klubu ilə 2025-ci ilin 30 iyununa kimi müqaviləsi var. Millimizin üzvü Kocaeli təmsilçisində 15 oyuna çıxıb və cəmi 1 qolla yadda qalıb.


