Ramil Şeydayevin debütü sonraya qaldı

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin yenicə müqavilə bağladığı “Kocaelispor” növbəti matçını keçirib.

Arena.az xəbər verir ki, sözügedən komanda bu gün TFF Birinci Liqanın 19-cu turu çərçivəsində doğma meydanda lider “Eyüpspor”la qarşılaşıb.

“Qalatasaray”ın və Türkiyə millisinin sabiq ulduzu Arda Turanın çalışdırdığı rəqiblə görüş Kocaeli klubu üçün uğurlu alınıb. Üç qolun vurulduğu matçda meydan sahibləri 2:1 hesablı qələbəyə seviniblər. Bu, “Kocaelispor”un cari mövsümdəki 11-ci qələbəsidir. Qalan oyunlarda 3 heç-heçə edib, 5 məğlubiyyətə üzülmüş Ramilin yeni komandası 36 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. “Eyüpspor” isə 45 xalla vahid liderdir.

Şeydayev bu oyunun iştirakçısı olmayıb. Millimizin üzvü qarşılaşmanı sonadək ehtiyat oyunçular skamyasından izləyib.

Xatırladaq ki, Ramil Şeydayev “Kocaelispor”a yanvarın 17-də Tailandın “Buriram Yunayted” klubundan 800 min avro qarşılığında transfer olub. Onun Türkiyə klubu ilə 2025-ci ilin 30 iyununa kimi müqaviləsi var.

Xəbəri sosial şəbəkələrdə paylaş: