Ramin Quliyev: “Mən burada müvəqqətiyəm”

“Sabah”ın baş məşqçisi Ramin Quliyev Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 1:0 hesabıyla qələbə qazandıqları matçdan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:

“Qələbə qazandıq. Çətin oyun oldu. Komandada inam yox idi, neçə aydır qalib gələ bilmirdik. Qələbə həm ağır, həm də şirin oldu. Bu gün meydanda komanda ruhunu, istəyi gördük”.

Gənc mütəxəssis komandada özünəinam yaratdıqlarını bildirib: “Əvvəl bu amil çatmırdı. Bacardığımız qədər çalışdıq. Qısa müddətə komandanı hazır etmək olmur. Milli komandaların oyunları ilə bağlı fasiləyə görə kollektiv məşq etmək alınmırdı”.

Quliyev baş məşqçi vəzifəsinə müvəqqəti təyin olunduğunu söyləyib: “Mən burada müvəqqətiyəm, qarşıma hansısa hədəf qoyulmayıb. İki-üç qələbə bizi daha yuxarılara aparacaq. Bunlar alınarsa, niyə də avrokuboklara vəsiqə qazanmayaq”?!

Baş məşqçi bu gün komandasına qələbə qazandıran Ramil Şeydayevin keyfiyyətli futbolçu olduğunu vurğulayıb: “Onda özünəinam lazım idi. Bu gün hücumçunu meydanda sonadək saxlamağıma səbəb də bu idi. İnanıram ki, yaxın zamanda əsl Ramili görəcəksiniz”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: