Azərbaycan atleti Ravin Alməmmədov Moldovada 15 və 17 yaşlılar arasında keçirilən Avropa birinciliyində möhtəşəm nəticəyə imza atıb.
Arena.az xəbər verir ki, bu gün körpücük üzərinə çıxan Ravin yaşı 17-yə qədər olan oğlanlar arasında 73 kq çəki dərəcəsində mübarizə aparıb.
“Göyəzən” ağır atletika klubunun təmsilçisi olan atletimiz birdən qaldırma hərəkətində 137 kq-ı ram edib və bu hərəkətdə qızıl medal qazanıb.
Ravin təkanla qaldırma hərəkətində də eyni uğuru təkrarlayıb. O, 162 kq-ı başı üzərinə qaldırıb və bu hərəkətdə də qızıl medala sahib çıxıb.
Toplam 299 kq (137+162) nəticə göstərən Ravin Alməmmədov yekun sıralamada da qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bu gün millimizin digər üzvü İsa Əliyev də körpücük üzərinə çıxıb. O, yaşı 15-ə qədər olan oğlanlar arasında 73 kq çəki dərəcəsində mübarizə aparıb. Atletimiz toplam 218 kq (101+117) nəticə göstərib. Nəticədə İsa yekun sıralamada 5-ci pillədə qərarlaşıb.
Xatırladaq ki, Moldovanın paytaxtı Kişinyovda 15 və 17 yaşlı yeniyetmə oğlan və qızlar arasında təşkil olunmuş Avropa birinciliyinə iyulun 1-də start verilib. Ayın 10-da bitəcək yarışda 40-a yaxın ölkədən 356 atlet (165 qız və 191 oğlan) iştirak edir. Onların arasında Azərbaycan yığmasının üzvləri də var. Millimiz qitə birinciliyinə bütövlükdə 11 atletlə gedib. Daha öncə millimizin üzvlərindən Amin Osmanov 1 qızıl, 2 gümüş, Turan Əliyevlə Yunis Bayramov isə hərəyə 1 bürünc medal qazanıblar.


