Rayan Caylz Premyer Liqanın debütantı ilə müqavilə bağladı

“Vulverhempton”un müdafiəçisi Rayan Caylz bundan sonra Premyer Liqanın debütantı “Luton Taun”un formasını geyinəcək.

Arena.az bu barədə sözügedən klubların rəsmi saytına istinadən xəbər verir.

23 yaşlı futbolçunun yeni klubu ilə müqaviləsinin müddəti açıqlanmır. Lutonlular bu transfer üçün 5,85 milyon avrodan keçiblər.

Rayan Caylz “Vulverhempton”un öz yetirməsidir. O, bu klubun əsas komandasında cəmi 1 matça çıxıb. Əvəzində ingilis futbolçu “Telford Yunayted”, “Şrusberi Siti”, “Koventri Siti”, “Roterem Yunayted”, “Kardiff Siti”, “Bləkbörn” və “Midlsbro” kimi klublarda icarədə oynayıb. O, İngiltərənin U-20 yığmasında da oynayıb.

“Vulverhempton” 19 yaşlı müdafiəçiləri – Dekster Lembikisa ilə Oliver Timptonu da icarəyə verib. Lembikisa 2024-cü ilin 31 mayına kimi “Roterem Yunayted”də, Timpton isə “Notts Kaunti”də forma geyinəcək. Hər iki futbolçu “Vulverhempton”un öz yetirməsidir. Lembikisa bu klubun əsas komandasında artıq 4 oyun keçirsə də, Timpton belə şans qazanmayıb.

Yeri gəlmişkən, “Luton Taun”da ingilis hücumçu Eliya Adebayo ilə də yeni müqavilə imzalanıb. 25 yaşlı forvard yeni sözləşməyə əsasən 2024-cü ilin 30 iyununa kimi bu klubda qalacaq. O, 2021-ci ildən formasını geyindiyi “Luton Taun”da 109 oyuna 32 qol vurub, 10 məhsuldar ötürmə müəllifi olub. Adebayo daha öncə “Uolsoll”, “Suindon Taun”, “Çeltnem Taun” və “Steveneyc”də də oynayıb.

“Luton Taun”da 3 ayrılıq

“Luton Taun” hücumameyilli yarımmüdafiəçisi Fred Onyedinmanı “Roterem Yunayted”ə icarəyə verib. Nigeriyadan olan 26 yaşlı vinger 2024-cü ilin 31 mayına kimi bu klubda çıxış edəcək. “Luton Taun”a 2021-ci ildə gələn futbolçu bu komandada 52 oyuna çıxıb, 3 qol vurub, 7 məhsuldar ötürmə müəllifi olub. Onyedinma daha öncə “Milluol” və “Uikomb Uonderers” klublarının da formasını geyinib.

“Luton Taun”un digər yarımmüdafiəçisi Elliot Torpe də “Şrusberi Taun”a icarəyə verilib. Uelsli 22 yaşlı futbolçu da gələn ilin yayına kimi icarədə olacaq. O, ötən mövsümü də “Barton”da icarədə keçirib. “Tottenhem”in yetirməsi 2021-ci ildən formasını geyindiyi “Luton Taun”da cəmi 6 oyuna çıxıb, 1 məhsuldar ötürmə müəllifi olub.

Lutonluların sağ cinah yarımmüdafiəçisi Karlos Mendes isə “Bolton”a keçib. Seneqallı 24 yaşlı vinger yeni klubu ilə 3 illik müqavilə bağlayıb. O, 2021-ci ildən formasını geyindiyi “Luton Taun”da 15 oyuna çıxıb, 2 qol və 1 assistlə yadda qalıb. O, daha öncə “Flitvud Taun” və “Morkam”da da çıxış edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: