Futbol üzrə Latviya milli komandasının hücumçusu Raymond Krollis bu ölkənin “Valmiera” klubundan ayrılıb. Arena.az xəbər verir ki, 21 yaşlı forvard bundan sonra İtaliyanın “Spetsiya” klubunun uğurları üçün çalışacaq.
Bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Gənc futbolçu ilə müddəti 2026-cı ilin 30 iyununa qədər olan müqavilə imzalanıb. “Spetsiya” bu transfer üçün “Valmiera”ya 1.5 milyon avro ödəyib.

Raymond Krollis peşəkar karyerasına yetirməsi olduğu “Metta”da başlayıb. O, 2021-ci ilin yanvar ayından formasını geyindiyi “Valmiera”da 65 oyuna 38 qol vurub, 13 məhsuldar ötürmə müəllifi olub. Gənc vunderkind 2020-ci ilin sentyabrında debüt etdiyi Latviya yığmasında da 26 oyuna 3 qol vurub.
“Spetsiya” Sloveniyanın “Mura” klubundan yarımmüdafiəçi Tio Çipotu da transfer edib. Sloveniyadan olan 19 yaşlı futbolçunun transferi üçün “Mura”ya 700 min avro ödənilib. Sloveniyalı oyunçu ilə müddəti 2027-ci ilin 30 iyununa qədər olan müqavilə imzalanıb.

Tio Çipot “Mura”nın öz yetirməsidir. O, 2021-ci ilin yayından cəlb olunmağa başladığı əsas komandada 51 oyuna çıxıb, 5 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub. Sloveniyanın U-18 və U-19 yığmalarında da oynamış Çipot, hazırda U-21-ə dəvət alır.
“Spetsiya” 2022-ci ilin yayından klubsuz olan qapıçı Federiko Markettini də heyətinə cəlb edib. 39 yaşlı qolkiperlə mövsümün sonuna kimi müqavilə imzalanıb. O, 2018-ci ildən formasını geyindiyi “Cenoa”dan bu mövsümün əvvəlində ayrılmış və özünə yeni klub tapa bilməmişdi. Hamı onun karyerasını bitirdiyini düşünsə də, təcrübəli qolkiper yenə oynamağa davam etmək qərarı alıb. O, Genuya təmsilçisində cəmi 13 oyun keçirmişdi.

Federiko Marketti karyerası ərzində “Torino”, “Pro Verçelli”, “Krotone”, “Trevizo”, “Biellese”, “Albinoleffe”, “Kalyari” və “Latsio”da da forma geyinib. İtaliyalı qapıçı ölkəsinin əsas milli komandasında da 11 oyun keçirib.


