“Real”ın “Valensiya” ilə oyununda (2:2) qırmızı vərəqə almış ingilis yarımmüdafiəçisi Cud Bellingemin cəzası ilə bağlı şikayəti rədd edilib.
Arena.az bu barədə COPE dərgisinə istinadən məlumat verir.
Beləliklə, ingilis futbolçu La Liqa çərçivəsində növbəti 2 oyunu – “Selta” və “Osasuna” oyunları buraxmalı olacaq.
Xatırladaq ki, “Valensiya” ilə oyunda 0:2 hesabı ilə geridə olan “Real” əvvəlcə tarazlığı bərpa etmiş, ardınca isə oyunun son saniyələrində 3-cü qolu meydan sahiblərinin qapısına göndərmişdi. Məhsuldar ötürmə zamanı top havada hərəkətdə və qapı xəttini keçdiyi anda isə oyunun baş hakimi Xesus Xil Mansano oyunun bitdiyini elan edən final fitini səsləndirməklə, böyük bir biabırçılığa yol vermişdi. Hamının bir anlıq çaşqınlığa qapıldığı bir məqamda “Real”ın futbolçuları baş hakim Xesus Xil Mansanonu araya alaraq onunla mübahisə etməyə başlamışdılar. Bellingem isə qeyzlənərək: “Bu, biabırçılıqdır! Top axı havada idi, bu, lənətəgəlmiş qoldur! Nə edirsən?”, deyə hakimə təpinmişdi. Mansano isə qərarına etiraz edən qolun müəllifi Cud Bellingemə birbaşa qırmızı vərəqə göstərmişdi.
Yeri gəlmişkən, “Real”ın baş məşqçisi Karlo Ançelotti komandasının hücumameyilli yarımmüdafiəçisi Cud Bellingemlə “qaymaqlılar”ın keçmiş braziliyalı futbolçusu Kakanı müqayisə edib.
İtalyan mütəxəssisin bu barədə fikirlərini təqdim edirik:
“İngilisdə braziliyalıdan nəsə var, bəli. Aralarında çox da fərq yoxdur. Son bir neçə il ərzində oyun dəyişdi və pleymeykerlər daha güclü oldular. İyirmi il əvvəl bu mövqedə gücdən çox istedad vardı”, deyə Ançelotti vurğulayıb.


