Recep Uçar qovuldu, Burak Yılmaz yeni baş məşqçi oldu

Türkiyənin “Kayserispor” komandasında baş məşqçi Recep Uçar istefaya göndərilib, onu bu postda Burak Yılmaz əvəz edib.

Arena.az xəbər verir ki, bu barədə Super Liqa klubu öz sosial media hesablarında paylaşım edib.

“Təşəkkürlər, Recep Uçar” başlığı ilə edilən paylaşımda deyilir: “Recep Uçarla yollarımızı qarşılıqlı şəkildə razılığa gələrək ayırırıq. Uçar və heyətinə təşəkkür edir, gələcək karyeralarında uğurlar arzulayırıq”.

Ayrılığın ardınca Kayseri klubu Burak Yılmazla razılıq əldə olunduğunu açıqlayıb: “Klubumuz 2.5 illik müqavilə ilə bağlı Burak Yılmazla razılığa gəlib. Müqavilənin hər iki tərəf üçün uğurlu olmasını diləyirik”.

Təyinatı ilə əlaqədar Kayseriyə gələn Yılmaz, hava limanında jurnalistlərə açıqlama verib: “Gənc bir məşqçiyəm, amma mübarizə aparacağam. “Kayserispor”u birlikdə yaxşı yerlərə gətirəcəyik”.

Xatırladaq ki, bu, Burak Yılmazın baş məşqçi kimi ilk təyinatıdır. O, bu mövsümün əvvəlində “Beşiktaş”da baş məşqçi Şenol Günəşin köməkçisi təyin edilmişdi. Şenol Günəş İstanbul klubundan ayılandan sonra isə “Beşiktaş”ı bir neçə oyuna məhz Burak Yılmaz çıxarmışdı. Amma uğursuz nəticələr səbəbindən o, “qara qartallar”la vidalaşmaq məcburiyyətində qalmışdı.

Recep Uçar 2023-cü ilin sentyabr ayından “Kayserispor”u çalışdırırdı. 48 yaşlı mütəxəssis bu komandanı bütövlükdə 21 oyuna çıxarıb. Bu görüşlərdə 9 qələbə qazanan Kayseri təmsilçisi 2 heç-heçə edib, 10 məğlubiyyətə üzülüb. Xüsusilə komandanın son 7 oyunda ardıcıl məğlubiyyətlərlə üzləşməsi klub rəhbərliyinin səbr kasasını daşırıb.

“Kayserispor” hazırda Super Liqada 22 oyuna topladığı 26 xalla 12-ci pillədə qərarlaşıb. Komandanın hesabından 3 xalın silindiyini də qeyd edək.

Bahar Rüstəmzadə

Xəbəri sosial şəbəkələrdə paylaş: