Futbol üzrə Kanada yığma komandasının sağ cinah müdafiəçisi Riçi Lareya İngiltərənin “Nottingem Forest” klubundan ayrılıb.
Arena.az xəbər verir ki, 29 yaşlı futbolçu bundan sonra Kanadanın “Toronto” klubunun uğurları üçün çalışacaq.
Bu barədə MLS təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb. “Toronto” bu transfer üçün Premyer Liqa klubuna 700 min avro ödəyib. Kanadalı müdafiəçi yeni klubu ilə 2+1 illik müqaviləyə imza atıb.
Peşəkar karyerasına “Siqma”da başlamış Riçi Lareya daha öncə də “Toronto”da forma geyinib. O, 2019-cu ildən 2021-ci ilə kimi məhz bu klubun uğurları üçün çalışıb. “Nottingem Forest” Lareyanı 2022-ci ilin yanvar ayında məhz “Toronto”dan 909 min avroya transfer etmişdi. O, 2022-ci ilin yayından 2023-cü ilin yayına kimi icarə əsasında da “Toronto”da forma geyinib.
Lareya “Toronto”da 112 oyuna çıxıb, 11 qol vurub, 21 məhsuldar ötürmə müəllifi olub. O, “Nottingem Forest”də cəmi 5 matça çıxıb.
Təcrübəli müdafiəçi karyerası ərzində “Orlando Siti”, “Vankuver” kimi klublarda da forma geyinib. Riçi 2019-cu ilin sentyabr ayında debüt etdiyi Kanada milli komandasının heyətində 48 oyuna çıxıb. O, bu oyunlarda 2 qol və 8 məhsuldar ötürmə müəllifi olub.
“Transfermarkt” internet-portalı 29 yaşlı kanadalı müdafiəçinin transfer dəyərini 2,5 milyon avro məbləğində qiymətləndirir.


