Bu ilin yayında “Sivasspor”dan ayrılandan bəri işsiz olan türkiyəli mütəxəssis Rıza Çalımbay “Beşiktaş”ın baş məşqçisi təyin olunub.
Arena.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
Çalımbay vaxtilə həm futbolçu, həm də məşqçi kimi xidmət göstərdiyi “Beşiktaş”a bu dəfə müvəqqəti baş məşqçi kimi qayıdıb. Məsələ burasındadır ki, o, 3 dekabrda baş tutacaq prezident seçkilərinə kimi komandaya rəhbərlik edəcək. Bu müddətdə Çalımbay komandanı 4 matça çıxaracaq. 3 dekabrda seçiləcək yeni prezident onun işindən razı olsa və qalmasını istəsə, 60 yaşlı mütəxəssislə yeni müqavilə imzalanacaq və o, işini davam etdirəcək. Türkiyə mətbuatı Çalımbayın müvəqqəti baş məşqçi təklifini heç bir şərt irəli sürmədən qəbul etdiyini bildirir.
Xatırladaq ki, bu, Çalımbayın “Beşiktaş”da baş məşqçi kimi ikinci dönəmidir. O, 2005-ci ildə də “qara qartallar”a rəhbərlik edib. Həmin vaxt İstanbul təmsilçisi Çalımbayın rəhbərliyi altında 31 matça çıxıb, 18 qələbə qazanıb, 8 heç-heçə edib və 5 məğlubiyyətə üzülüb.
Rıza Çalımbay məşqçilik karyerasına “Beşiktaş”da köməkçi məşqçi kimi çalışıb. Daha sonra o, “Göztəpə”, “Dənizlispor”, “Ankaragücü”, “Rizəspor”, “Ankaraspor”, “Əskişəhərspor”, “Mersin İdmanyurdu”, “Kasımpaşa”, “Antalyaspor”, “Trabzonspor” və “Konyaspor” kimi komandalara rəhbərlik edib. Çalımbay 2019-cu ilin iyun ayından “Sivasspor”a rəhbərlik edirdi. O, Sivas təmsilçisindən bu ilin yayında ayrılmışdı.
Sonda onu da qeyd edək ki, “Beşiktaş” bu mövsümə Şenol Günəşin rəhbərliyi altında başlamışdı. Lakin start uğursuz alındığı üçün o, postundan ayrılmağa qərar vermişdi. Günəşin istefasından sonra komandaya onun köməkçisi Burak Yılmaz rəhbərlik edirdi. Amma Avropa Konfrans Liqasının qrup mərhələsi çərçivəsində baş tutan Norveç “Bodo Qlimt”i ilə ev oyunundakı məğlubiyyətdən (1:2) sonra Burak Yılmaz da istefa qərarını açıqlamışdı.


