Robert Levandovski “Barselona”nın yeni rekordçusuna çevrildi

“Barselona”nın polyak hücumçusu Robert Levandovski klubda keçirdiyi ilk 50 oyunda 35 qol vurmaqla klub rekordunu müəyyən edib.

Arena.az məlumat verir ki, La Liqanın 6-cı turu çərçivəsində “Selta”ya qarşı oyunda (3:2) Levandovski dubla imza atıb.

Polyak hücumçunun müvafiq nəticəsi XXI əsrdə “Barselona” futbolçuları arasında ən yaxşı nəticə – klubun rekordudur.

İkinci nəticə ilk 50 oyununda 33 qol vurmuş kamerunlu hücumçu Samuel Eto’Oya məxsusdur.

Xatırladaq ki, Levandovski geridə qalmış 2022/2023 mövsümündə La Liqada keçirdiyi 34 oyunda 23 qol vurmaqla, turnirin ən sərrast futbolçusu olub.

Levandovski “Barselona”ya 2022-ci ilin iyulunda 45 milyon avro müqabilində “Bayern”dən keçib.

Geridə qalmış 2022/2023 mövsümündə Robert Levandovski “Barselona”nın heyətində 46 oyuna çıxıb, 33 qol vurub, 8 məhsuldar ötürmə verib. Yenicə başlamış cari mövsümdə isə polyak hücumçu 6 oyunda 5 qol vurub və 3 məhsuldar ötürmə verib.

Levandovskinin “Barselona” ilə müqaviləsi 2026-cı il iyun ayının sonuna qədər qüvvədədir.

Təcrübəli hücumçu karyerası ərzində “Borussiya” (Dortmund), “Lex” (Poznan), “Zniç”, “Legiya” (Varşava), “Delta” kimi komandalarda da çıxış edib.

Robert Levandovski hazırda kapitanı olduğu və 2008-ci ilin sentyabr ayında debüt etdiyi Polşa yığmasının heyətində 144 oyun keçirib, 81 qol vurub, 31 məhsuldar ötürmə verib. Hər iki göstərici üzrə Levandovski Polşa yığmasının mütləq rekordçusudur.

“Transfermarkt” internet-portalı 35 yaşlı Robert Levandovskini 30 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: