Robert Levandovski: “Barselona”ya qədər “maşın” idimsə, indi…”

“Barselona”nın polyak mərkəz hücumçusu Robert Levandovski Səudiyyə Ərəbistanı və ya MLS-ə keçmək ehtimalından danışıb.

Arena.az bu barədə “Diario AS” dərgisinə istinadən məlumat verir:

“Səudiyyə Ərəbistanı? İndi bu barədə hətta düşünmürəm belə. “Barselona”da, komandada, şəhərdə, ailəmlə birlikdə çox xoşbəxtəm. Bir insan kimi, mən xoşbəxtəm. “Barselona”ya qədər mən “maşın” idim, burada daha çox insan oldum. Mənim burada uzadılması şərti ilə iki illik müqaviləm var. Koronavirus pandemiyasından əvvəl MLS ideyası beynimdə möhkəm kök salmışdı. Amma nədənsə sonra fikrimi dəyişdim. “Barselona” fəslindən sonra bunu təsəvvür etmək çətindir”, deyə Levandovski bildirib.

Levandovski “Barselona”ya 2022-ci ilin iyulunda 45 milyon avro müqabilində “Bayern”dən keçib.

Geridə qalmış 2022/2023 mövsümündə Robert Levandovski “Barselona”nın heyətində 46 oyuna çıxıb, 33 qol vurub, 8 məhsuldar ötürmə verib. Yenicə başlamış cari mövsümdə isə polyak hücumçu 4 oyunda 2 qol vurub və 1 məhsuldar ötürmə verib. Levandovskinin “Barselona” ilə müqaviləsi 2026-cı il iyun ayının sonuna qədər qüvvədədir.

Xatırladaq ki, təcrübəli hücumçu karyerası ərzində “Borussiya” (Dortmund), “Lex” (Poznan), “Zniç”, “Legiya” (Varşava), “Delta” kimi klublarda da forma geyinib.

Robert Levandovski hazırda kapitanı olduğu və 2008-ci ilin sentyabr ayında debüt etdiyi Polşa yığmasının heyətində 144 oyun keçirib, 81 qol vurub, 31 məhsuldar ötürmə verib. Hər iki göstərici üzrə Levandovski Polşa yığmasının mütləq rekordçusudur.

“Transfermarkt” internet-portalı 35 yaşlı Robert Levandovskini 30 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: