Robert Levandovski daha nə qədər top qovacağını təxmin etdi

“Barselona”nın polyak mərkəz hücumçusu Robert Levandovski daha nə qədər müddət futbol oynayacağını təxmin edib.

Arena.az “Daily Sports” dərgisinə istinadən Levandovskinin bu barədə fikirlərini təqdim edir:

“Artıq nə qazandığımı və ya nə etdiyimi düşünmürəm. Yarışmaq və qalib gəlmək üçün hələ də motivasiyam var.

Düşünürəm ki, üç-dörd il ən yüksək səviyyədə futbol oynaya bilərəm, çünki fiziki olaraq özümü çox yaxşı hiss edirəm”, deyə Levandovski bildirib.

Levandovski “Barselona”ya 2022-ci ilin iyulunda 45 milyon avro müqabilində “Bayern”dən keçib. Tərəflər arasında müqavilə 2026-cı il iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə isə polyak hücumçu 17 oyunda 8 qol vurub və 4 məhsuldar ötürmə müəllifi olub.

Təcrübəli hücumçu karyerası ərzində “Borussiya” (Dortmund), “Lex” (Poznan), “Zniç”, “Legiya” (Varşava) və “Delta” komandalarında da çıxış edib.

Robert Levandovski hazırda kapitanı olduğu və 2008-ci ilin sentyabr ayında debüt etdiyi Polşa yığmasının heyətində 146 oyun keçirib, 82 qol vurub, 31 məhsuldar ötürmə verib. Robert hər iki göstərici üzrə Polşa yığma komandasının mütləq rekordçusudur.

“Transfermarkt” internet-portalı 35 yaşlı Robert Levandovskini 30 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: