Robert Levandovski rəsmən MLS klubunda!

Futbol üzrə Polşa milli komandasının və dünya futbolunun ulduz hücumçusu Robert Levandovski bundan sonrakı karyerasını ABŞ-də davam etdirəcək.

Arena.az xəbər verir ki, MLS təmsilçisi “Çikaqo Fayr” klubun rəsmi saytı vasitəsilə 37 yaşlı forvardın transferini açıqlayıb.

Tərəflər arasında imzalanmış müqavilənin müddəti 2027/2028-ci illər mövsümünün sonuna qədər nəzərdə tutulub.

Levandovski 2022-ci ilin yayından İspaniyanın “Barselona” klubunun formasını geyinirdi. O, Kataloniya təmsilçisinin heyətində üç dəfə La Liqa çempionu, üç dəfə İspaniya Super Kubokunun, bir dəfə isə İspaniya Kubokunun qalibi olub.

Təcrübəli hücumçu daha əvvəl Almaniyada da parlaq karyera qurub. O, 2010–2014-cü illərdə “Borussiya” (Dortmund), 2014–2022-ci illərdə isə “Bayern”in şərəfini qoruyub. Münhen klubunun heyətində 8 dəfə Bundesliqanın, üç dəfə Almaniya Kubokunun qalibi olmuş Levandovski, həmçinin UEFA Çempionlar Liqası, UEFA Super Kuboku və klublararası dünya çempionatının kubokunu başı üzərinə qaldırıb.

Polşa millisinin tarixinin ən məhsuldar futbolçusu olan Levandovski yığmanın heyətində keçirdiyi 165 oyunda 89 qola imza atıb.

Beləliklə, Avropa futbolunda uzun illər uğurla çıxış etmiş Robert Levandovski bundan sonra karyerasını Şimali Amerikanın MLS çempionatında davam etdirəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: