İngiltərənin “Brayton” klubunun ispan qapıçısı Robert Sançes Premyer Liqanın digər təmsilçisi “Çelsi”yə keçib.
Arena.az bu barədə “zadəganlar”ın rəsmi saytına istinadən məlumat verir.
İspan qapıçının “Çelsi” ilə 7 illik müqavilə imzaladığı bildirilir. London klubu bu transferə görə “Brayton”a 23 milyon avro ödəyib.
Sançesin tezliklə “mavilər”ə qoşulacağı və əsas heyətlə məşqə çıxacağı gözlənilir.
“Biz Roberti “Çelsi”də salamlamaqdan çox məmnunuq. O, qapıçı xəttimizə keyfiyyət əlavə edəcək. Robert dəfələrlə Premyer Liqada özünü göstərib və milli komandada etimad qazanıb. Biz şadıq ki, o, gələn mövsüm Maurisio və onun məşqçi qərargahı ilə işləyəcək”, deyə “Çelsi”nin idman direktorları Pol Uinstenli və Lourens Stüart bildiriblər.
Robert Sançes “Brayton”un öz yetirməsidir. O, peşəkar karyerasına da bu komandada başlayıb. 25 yaşlı qolkiper Premyer Liqa təmsilçisində bütövlükdə 90 matça çıxıb, 102 qol buraxıb, 29 “quru” matç keçirib. O, 2022/2023 mövsümündə “qağayılar”ın heyətində 25 oyuna çıxıb, 30 qol “yeyib”, 8 oyundan “pak” ayrılıb. Qapıçı “Roçdeyl” və “Forest Qrin Rovers” klublarında icarədə də olub. O, 2021-ci ildə debüt etdiyi İspaniya yığmasının heyətində 2 oyun keçirib, qapısını “quru” saxlamağı bacarıb.
“Brayton” hücumçusu Eron Konnollini də “Hall Siti”yə satıb. Elita təmsilçisi bu satışdan 1,35 milyon avro qazanıb. İrlandiyadan olan 23 yaşlı futbolçu yeni klubu ilə 1 illik müqavilə bağlayıb.
Eron Konnolli “Brayton”un öz yetirməsi olsa da, bu komandada cəmi 52 oyuna çıxıb, 8 qol və 3 assistlə yadda qalıb. O, “Luton Taun”, “Midlsbro”, “Venesiya” və “Hall Siti”də icarədə də olub. Hücumçu İrlandiya yığmasında 8 oyun keçirsə də, qol vura bilməyib.
“Brayton” digər hücumçusu Deniz Undavla qapıçısı Karl Raşvortu da icarəyə verib. 27 yaşlı Undav qarşıdakı mövsümün sonuna kimi “Ştutqart”da, 22 yaşlı Raşvort isə “Suonsi Siti”də icarədə olacaq.


