Roberto D’Aversa – “Empoli”nin yeni baş məşqçisi

İtaliyalı futbol mütəxəssisi Roberto D’Aversa A Seriyasında mübarizə aparan “Empoli” komandasının baş məşçqisi təyin edilib.

Arena.az bu barədə İtaliya klubunun mətbuat xidmətinə istinadən məlumat verir.

48 yaşlı D’Aversa yeni klubu ilə 2 illik (2026-cı ilin 30 iyununa qədər) müqavilə bağlayıb.

Xatırladaq ki, Roberto D’Aversanın sonuncu iş yeri “Leççe” olub. O, sözügedən klubdan bu ilin mart ayında qovulmuşdu. Buna onun qeyri-idmani davranışı səbəb olmuşdu. Belə ki, Roberto D’Aversa çempionat oyunundan sonra rəqib oyunçuya kəllə atmışdı. İtaliya A Seriyasının 2023/2024 mövsümününün 28-ci turu çərçivəsində “Leççe” “Verona”nı qəbul edib və 0:1 hesabı ilə məğlub olub. Hakimin final fitindən sonra D’Aversa qonaqların fransalı futbolçusu Toma Anriyə yaxınlaşaraq, onun sifətinə yaxşıca kəllə tutuzdurub. Zərbə nəticəsində Anri tirtap olub. Lakin klub rəhbərliyi Robertonun davranışını ona bağışlamayıb.

D’Aversa əvvəllər “Sampdoriya”, “Virtus Lansano” və “Parma”da da baş məşqçi kimi çalışıb.

Roberto D’Aversa “Empoli”nin baş məşqçi postunda Davide Nikolanı əvəz edib. O, bu ilin yanvarından sözügedən komandaya rəhbərlik edirdi. Davide Nikola “Empoli”ni bütövlükdə 18 oyuna (6 qələbə, 5 heç-heçə, 7 məğlubiyyət) çıxarıb. Komanda onun rəhbərliyi altında A Seriyasının 2023/2024 mövsümünü 36 xalla 17-ci pillədə başa vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş: