İtaliyalı futbol mütəxəssisi Roberto D’Aversa A Seriyasında mübarizə aparan “Leççe” komandasının yeni baş məşqçisi təyin olunub.
Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.
47 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanıb. O, 2024-cü ilin 30 iyununa kimi bu komandaya rəhbərlik edəcək.
Roberto D’Aversa son olaraq 2021/2022 mövsümündə “Sampdoriya”ya rəhbərlik edib. O, “Virtus Lansano” və “Parma”da da baş məşqçi kimi çalışıb.
Yeri gəlmişkən, “Leççe” qapıçısı Marko Bleve ilə də yeni müqavilə bağlayıb. 27 yaşlı italyan qolkiper 3 illik yeni sözləşməyə imza atıb. O, 2013-cü ildən formasını geyindiyi bu klubda 40 oyun keçirib. Bleve bu müddətdə “Martina”, “Katanzaro”, “Ternana”da da icarə əsasında forma geyinib.
“Leççe” Rusiya “Rostov”undan Pontus Almqvisti də icarəyə götürüb. İsveçdən olan 24 yaşlı sağ cinah vingeri 2024-cü ilin 30 iyununa kimi icarədə olacaq. O, 2020-ci ildən formasını geyindiyi Rusiya klubunda 39 oyuna 3 qol vurub, 6 assist edib. Yarımmüdafiəçi daha öncə “Utrext” və “Poqon”da da icarədə oynayıb.
“Leççe” bir neçə futbolçusu ilə də yollarını ayırıb. Sağ cinah müdafiəçisi Roberto Pyerno “Peskara”ya keçib. 22 yaşlı italyan “Leççe”nin əsas komandasında cəmi 1 oyuna çıxıb.
Digər müdafiəçi Tommazo Kassandro “Komo”ya transfer olunub. “Leççe” bu keçiddən 500 min avro qazanıb. 23 yaşlı italyan yeni klubu ilə 4 illik anlaşıb. “Leççe”də cəmi 1 oyun keçirmiş futbolçu “Bolonya”, “Novara” və “Çittadella”da da oynayıb.
Təcrübəli müdafiəçi Fabio Luçoni də “Palermo”ya keçib. 35 yaşlı italyan yeni klubu ilə 2 illik müqavilə bağlayıb. O, 2018-ci ildən formasını geyindiyi “Leççe”də 142 oyuna çıxıb, 6 qol və 5 assistlə yadda qalıb. Mərkəz müdafiəçisi “Benevento”, “Recina”, “Spetsiya”, “Frozinone”, “Barletta”, “Noykattaro”, “Çitta di Cela”, “Ternana”, “Monopoli” kimi klubların da formasını geyinib.
Digər müdafiəçi İlario Monterisi də “Frozinone”yə keçib. 21 yaşlı italyan yeni klubuilə 4 illik müqavilə bağlayıb. “Leççe”də cəmi 1 oyun keçirmiş futbolçu “Katanzaro” və “Fidelis Andria”da icarədə olub. O, ötən mövsümü icarə əsasında “Frozinone”də keçirib.


