Roberto Martines razı, Fabio Kannavaro xoşbəxtdir

Portuqaliya millisinin baş məşqçisi Roberto Martines DÇ-2026-nın qrup mərhələsinin 2-ci turunda Özbəkistana qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, K qrupunun oyunu Hyuston şəhərində (Texas, ABŞ) yerləşən “NRG Stadium”da baş tutub.

Xatırladaq ki, portuqaliyalılar mundialın ilk turunda Konqo Demokratik Respublikası ilə 1:1 hesablı heç-heçə edərək gözlənilmədən xal itirmişdilər. Bu dəfə isə sözügedən komanda 5:0 hesablı qələbəyə sevinib.

Roberto Martines komandasının ilk oyundan nəticə çıxardığını vurğulayıb:

“Soyunub-geyinmə otağında məhz belə reaksiyanı gördük. Bəzən turnirdə irəliləmək üçün ilk oyundakı kimi bir matça ehtiyac olur. Bu gün eyni istək və fədakarlıqla oynayan, lakin artıq ilk matç olmadığı üçün daha yetkin görünən bir komanda gördük. Nəticədən çox razıyam”.

Özbəkistan millisinin baş məşqçisi Fabio Kannavaro isə böyükhesablı məğlubiyyətə baxmayaraq, futbolçularının çıxışını yüksək qiymətləndirib. İtaliyalı mütəxəssis komandalar arasında səviyyə fərqinin böyük olduğunu etiraf edib:

“Komandama qarşı heç bir iradım yoxdur. Komandalarımız arasında çox böyük fərq var idi. Portuqaliya kimi rəqibə qarşı ilk 10 dəqiqədə qol buraxırsansa, bundan sonra oynamaq çox çətin olur. Dünya çempionatında iştirak təcrübəsi bizim üçün çox dəyərlidir. Hesab böyük olsa da, futbolçularımızın mübarizədən vaz keçmədiyini gördüm. Buna görə çox xoşbəxtəm”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: