Roberto Qalyardini A Seriyasında qaldı

Bu yay “İnter”dən azad agent kimi ayrılan İtaliya yığmasının sabiq üzvü Roberto Qalyardini özünə yeni iş yeri tapıb.

Arena.az xəbər verir ki, 29 yaşlı futbolçu bundan sonra “Montsa”da forma geyinəcək.

Bu barədə sözügedən klub rəsmi saytı vasitəsilə məlumat yayıb. Qalyardini azad agent kimi “Montsa” ilə 1 illik müqavilə bağlayıb. Müqavilədə müəyyən öhdəliklərin yerinə yetiriləcəyi halda müddətin artırılması şərti də var.

Xatırladaq ki, Roberto Qalyardini 2017-ci ilin avqustundan “İnter”in uğurları üçün çalışırdı. O, bu komandanın heyətində meydana çıxdığı 190 oyunda 16 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. Yarımmüdafiəçi daha öncə “Çezena”, “Viçentsa”, “Atalanta” və “Spetsiya”da da forma geyinib. O, İtaliya yığmasında da 7 oyun keçirib.

“Montsa” ötən mövsüm “Torino”dan icarəyə götürdüyü mərkəz müdafiəçisi Armando İtsonu da birdəfəlik transfer edib. 31 yaşlı italiyalı futbolçu ilə 3 illik müqavilə imzalanıb. Klub bu transfer üçün Turin təmsilçisinə 3 milyon avro ödəyib.

Armando İtso 2018-ci ildən “Torino”da çıxış edirdi. O, bu komandada 115 oyuna çıxıb, 9 qol və 1 assistlə də yadda qalıb. Müdafiəçi “Cenoa”, “Avellino”, “Triestina” kimi klublarda da çıxış edib. Futbolçu geridə qalan mövsümdə “Montsa”da 31 oyuna 1 qol və 1 assist müəllifi olub.

“Montsa” qapıçısı Mikele de Qreqorio ilə də yeni müqavilə bağlayıb. Tərəflər arasındakı yeni sözləşmənin müddəti 2027-ci ilin 30 iyununa qədər nəzərdə tutulub.

“İnter”in yetirməsi olan italyan qapıçı 2020-ci ildən “Montsa”da çıxış edir. O, bu komandada 110 matça çıxıb, 123 qol buraxıb, 39 “quru” matç keçirib. Mikele “Renate”, “Pordenone” və “Novara” kimi klublarda da icarədə oynayıb.

“Montsa” hücumçusu Leonardo Mankuzonu da satınalma şərti ilə “Palermo”ya icarəyə verib. 31 yaşlı forvard “Montsa”da cəmi 20 oyuna çıxıb, 2 qol və 1 assistlə yadda qalıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: