Rodri “Mançester Siti” ilə yeni müqavilə bağladı

İngiltərə çempionu “Mançester Siti” yarımmüdafiəçisi Rodri ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb.

26 yaşlı ispaniyalı futbolçu ilə yeni müqavilə 2027-ci ilin iyun ayının sonuna kimi nəzərdə tutulub. Əvvəlki sözləşmənin müddəti 2024-cü ilin yayında bitəcəkdi.

İspaniya millisinin də üzvü olan futbolçu yeni müqavilə imzaladıqdan sonra fikirlərini bölüşüb. O, bu kluba keçməklə karyerasının ən düzgün qərarını verdiyini deyib:

“Mançester Siti”yə keçmək karyeramın ən yaxşı qərarıdır. İlk saniyədən klubu bəyəndim. Azarkeşlər məni çox yaxşı qarşıladılar. Səviyyəmi mükəmməl şəkildə qaldırdım. Buna görə Pep Qvardiola və onun heyətinə təşəkkür etmək istəyirəm. Onlar mənə potensialımı maksimum dərəcədə artırmağa kömək edəcəklər, onların əməyini yüksək qiymətləndirirəm”.

Rodri “Mançester Siti”yə 2019-cu ilin iyulunda İspaniyanın “Atletiko” (Madrid) klubundan keçib. Həmin vaxt İngiltərə klubu bu keçidə görə ispanlara 62.7 milyon avro ödəmişdi. O, ötən mövsüm “şəhərlilər”in heyətində bütün yarışlarda 46 matçda 7 qol vurub və 2 məhsuldar ötürmə edib. Yarımmüdafiəçi bu komandanın heyətində keçirdiyi üç mövsüm ərzində 151 matça çıxıb, 13 qola imza atıb.

İspaniyalı futbolçu “Mançester Siti” və “Atletiko”dan başqa, yetirməsi olduğu “Vilyarreal”ın da uğurları üçün çalışıb. O, İspaniya millisində keçirdiyi 33 oyunda 1 qol vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: