2025/2026-cı illər mövsümü bitən kimi heyətində təmizləmə işinə başlamış “Şamaxı” daha bir futbolçusu – Rodriqo Fernandes ilə də vidalaşıb.
Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.
Portuqaliyalı yarımmüdafiəçinin başa çatmış müqaviləsinin müddəti uzadılmayıb. Klub ona xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Xatırladaq ki, tam adı Rodriqo Fransisko Fernandes olan portuqaliyalı dayaq yarımmüdafiəçisi “Şamaxı”ya bu ilin mart ayında azad agent kimi cəlb edilmişdi. 25 yaşlı oyunçu əyalət klubunun heyətində cəmi 5 oyuna çıxıb və məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
Rodriqo Fransisko Fernandes Lissabon “Sportinq”inin yetirməsidir. 2021-ci ildə “Portu”ya üz tutmuş futbolçu 2025-ci ilin yayına kimi bu klubun B komandasının formasını geyinib.
Rodriqo Fernandes Portuqaliyanın U-16, U-17, U-18 və U-19 yığmalarında oynasa da, sonradan milliyə dəvət almayıb.
Xatırladaq ki, “Şamaxı” daha öncə Karim Rossi, Rüfət Abbasov, Emil Süleymanov, Ramiz Muradov, Davud Mənsumov, Abdulla Rzayev və Səlim Həşimovla da vidalaşmışdı.


